Accessibility links

Bəxtiyar Hacıyev: Həbsxanaları azad etməliyik


Bəxtiyar Hacıyev: Həbsxanaları azad etməliyik
Bəxtiyar Hacıyev: Həbsxanaları azad etməliyik

“Azərbaycanda bir il həbsdə olmaqdansa 10 il Avropa həbsxanasında qalmağa razıyam” - bunu Hollandiyada həbsdə olmuş məhkum Rüstəm deyib.

Həbsdə olan gənc bloger Bəxtiyar Hacıyev Media Forum saytında həbsxana təəssüratları ilə bağlı publisistik məqalə ilə çıxış edib.

Məqaləni təqdim edirik. Cənab Hacıyev məqaləni 10 aylıq həbsxana həyatına əsaslanaraq yazıb.

Avropalı tanışlarım tez-tez “cəmiyyətin vəziyyətini görmək istəyirsənsə, həbsxanaya bax” deyirdilər. Norveçin Bostoy adasında ən təhlükəli cinayətkarlar saxlanır. Amma bu həbsxana adasında divarlar, dəmir barmaqlıqlar, silahlı nəzarətçilər yoxdur. Yeganə silah rəisin otağındakı bürünc silah maketidir.

60 yaşlı rəis Arne Nilsen məhkumların bir kənddə yaşadıqları kimi sarı və qırmızı taxta evlərdə, bir-birinə hörmət edərək yaşamasını istəyir. O, adanın supermarketinə videokameralar, evlərə isə qıfıllı qapılar qoyulmasının əleyhinədir.

Hər gün məhkumların idarə etdiyi qayıq 9 dəfə adadan gedib-gəlir. Yayda 10 dəqiqəlik məsafəni üzərək, qışda buzun üstü ilə adadan qaçmaq mümkün olsa da, heç bir məhkum qaçmayıb, heç bir ölüm və intihar halı olmayıb. Girişində “Bostoy - məsuliyyət üçün təlim yeri” yazılan adada qalmaq məhkumun öz marağındadır.

Jorgen Eilertsen keçmiş narkotik satıcısıdır. O, ömrünün üçdə birini həbsdə keçirmiş, cinayət aləmində sərt reputasiya qazanmış biridir. İndi hər şeyi arxada qoymaq istəyir, həftədə üç dəfə adada qonağı olan qız dostu ilə dörd övlada sahib olmağı planlaşdırır.

15 yaşlı qaradərili uşağı irqi zəmində iki fərqli bıçaqla öldürən Hanssen indi adada Oslo Universitetinin tarix və fəlsəfə tələbəsi olaraq təhsil alır. Kitablarını masa, yataq və rəngli pərdələrlə təchiz edilmiş otaqda oxuyur, imtahanlarını isə internetlə verir.

Rəis Nilsen idealist yox, praqmatik olduğunu, cəzanın yox, reinteqrasiyanın vacib olduğunu deyir. Bostoydan çıxanların yalnız 16%-i yenidən cinayət törədir, bu isə Norveçin 20%-lik ortalamasından azdır. Həbsxanaların üçdə biri açıq olan Norveçin parlamenti daha çox həbsxananı azad etməyi planlaşdırır.

“Azərbaycanda bir il həbsdə olmaqdansa 10 il Avropa həbsxanasında qalmağa razıyam” - bunu isə Hollandiyada həbsdə olmuş məhkum Rüstəm deyir. Onun sözlərinə görə, həmin həbsxanada aldığı ən sərt cəza nəzarətçinin televizor pultunu otaqdan götürməsi olub. Nəzarətçi düşünüb ki, kanalları əli ilə dəyişmək üçün yataqdan qalxmaq məhkuma cəzadır.

Arxasında söykənməyə yer olmayan oturacaqda əlləri ilə başını tutub yuxuya qalib gəlmək istəyən 46 yaşlı Mətin narkotik istifadəçisidir. Gecə özünü pis hiss edib, yata bilməyib. Gündüzlər yatağında uzanmaq və hətta oturmaq qadağan olduğuna görə belə “istirahət” edir. Gündüz yatağında oturduğuna görə onu soyuq cərimə kamerasına apara bilərlər.

Mətin gərgindir: “Mən cinayətkar deyiləm, xəstəyəm. Heç kimə ziyanım dəyməyib. Bəlaya düşmüşəm, məni müalicə etmək əvəzinə burada əzab verərək çürüdürlər. Uşaqlarım da ac qalır. Səncə, 2 il domino oynamaqla mən müalicə olunuram?”

Bu vaxt Ədalət söhbətə qoşulur. Əvvəllər narkotik istifadəçisi olsa da, həbs olunanda döyüldüyünü və şərləndiyini deyir. Evinə qayıdanda polislər onu şöbəyə aparıb, qarşısına bir büküm heroin və etiraf izahatı yazmaq üçün ağ kağız qoyublar. Etiraz edəndə döyülüb, məhkəmədə “növbətçi şahidlər” ifadə verib, əvvəllər məhkum olunduğuna görə məhkum planını onunla doldurublar. “Dərdimi kimə deyim?” soruşan Ədalət 5 nəfərin bir yerdə oturduğunu görüb bizdən uzaqlaşır. Çünki 5 nəfərin oturub söhbət etməsi qruplaşma sayılır və o, cəzalanacağından qorxur.

Azad adlı məhkum bayırda tərəddüdlə mənə yaxınlaşır: “Oxumuş adamsan, bunları məndən yaxşı bilirsən. Təcridxanada 8 nəfərlik kamerada 17 nəfər saxlanılırdıq. Yoldaşlarım rayonda apellyasiya məhkəməsində cəzalarını bir il azaltmaq üçün iki min manat rüşvət verdilər. Mən vermədim. İndi peşmanam. Tez çıxmaq istəyirəm ki, ailəmi də götürüb bu ölkədən birdəfəlik gedim. Səncə, Ali Məhkəmə bu işi neçəyə həll edər?” Bu vaxt başqa məhkum zarafatla “vaxtında xəsislik etməsəydin, indi sən də islah olunmuşdun” deyir və gülür.

Hidayət dini baxışlarına görə həbs edilib. İndi namazını ayaq üstə, açıq havada qılır. Deyir ki, həbsxananın ibadət otağına daxil olmasına hələlik icazə verilməyib. Məndən Amerikada müsəlmanlara münasibətin necə olduğunu soruşur. Ona tanınmış universitetlərin geniş məscidlərinin olduğunu, Ramazanda iftar təşkil edildiyini, azan və “Quran” oxunduğunu, hicablı və saqqallı tələbələrin problemsiz təhsil aldıqlarını deyirəm. Hidayət təəccüblənir: “Bəs deyirlər Amerika islam düşmənidir? Bizdə həm bayırda, həm də həbsdə dinimizə qadağalar daha çoxdur”.

Bir az sonra divarlarında ölkə başçısının 31 fotosu olan kiçik kitabxanada, dəftərinə Qarabağ və məhəbbət haqqında şeirlər köçürən məhkumun yanında əyləşirəm. Həbsxananın kiçik Azərbaycan, Azərbaycanın da böyük həbsxana olduğunu görürəm. Həbsxanaları azad etməliyik.

Qeyd: Azərbaycanla bağlı hissədəki adlar, yaşlar şərtidir. Hadisələr, fikirlər və rəylər isə təxminən 10 ay ərzində müxtəlif təcridxanalardakı, müəssisələrdəki müşahidələrim əsasında yazılıb.

Bəxtiyar Hacıyev Harvard Universitetinin magistridir. O 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub, hökuməti sərt tənqid edib. Seçkilərdən sonra qanun pozuntuları ilə bağlı videogörüntülər yayıb. “11 mart - Böyük Xalq Günü” adlı virtual etiraz aksiyasının təşəbbüsçülərindən biri olub. Bütün bunlardan sonra hərbi çağırışdan yayınma ittihamı ilə iki il azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevi vicdan məhbusu elan edib.

XS
SM
MD
LG