Accessibility links

Bəxtiyar Hacıyev: İqtidarla müxalifət arasında dialoqun olmaması bir gənc vətəndaş kimi məni narahat edir


Bəxtiyar Hacıyev: İqtidarla müxalifət arasında dialoqun olmaması bir gənc vətəndaş kimi məni narahat edir
Bəxtiyar Hacıyev: İqtidarla müxalifət arasında dialoqun olmaması bir gənc vətəndaş kimi məni narahat edir

Bəxtiyar Hacıyev 2010-cu ilin parlament seçkisində 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd olub. O, 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqaya məktub yazıb. “Media forum” saytının məlumatına görə, məktubda deyilir: “ATƏT-in Bakı ofisinin Azərbaycanda iqtidar-müxalifət dialoquna il ərzində etdiyi çağırışlara və belə bir dialoqda vasitəçi kimi çıxış etmək cəhdinə şadam.

Hazırda belə bir dialoqun olmaması həm bir gənc vətəndaş kimi, həm də deputatlığa keçmiş namizəd kimi məni narahat edir. Hər iki tərəfdən bir çox insanın məsələlərə yanaşma tərzini tanıyan bir şəxs kimi əminliklə deyə bilərəm ki, tərəflər bir-birlərinin nə etdiklərini dəqiq müşahidə etsələr də, niyə etdiklərini çox vaxt sadəcə güman edirlər. Bu isə bəzən “onlar üçün yaxşı olan mənim üçün pisdir” yanaşmasına, etimadsızlığa və qeyri-rasional qərarlara gətirib çıxarır. Nəticədə cəmiyyət bu dialoqun baş tutacağı halda yaranacaq əlavə dəyərdən məhrum olur.

Cənab səfir! Həm iqtidarın, həm də müxalif düşərgənin etimad və tərəfdaşlıq etdiyi bir qurumun rəhbəri kimi tərəflər arasında dialoqun təşkili üçün səylərinizi davam etdirəcəyinizə inanıram.

Həm də inanıram ki, Azərbaycan cəmiyyətində qadın liderlərin rolunun daha da artırılması, iqtidar-müxalifət dialoqunda oynaya biləcəkləri müstəsna rola görə hakim və müxalif partiyaların, eyni zamanda vətəndaş cəmiyyətinin fəal qadın təmsilçilərinin görüşünün təşkil olunmasını ilk addım kimi nəzərdən keçirəcəksiniz.

Ümid edirəm ki, bu variantı həm tərəflərlə, həm də başda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, ABŞ, Böyük Britaniya və Türkiyənin səfirlikləri olmaqla diplomatik nümayəndəliklərlə də müzakirə edəcəksiniz”.

Bəxtiyar Hacıyev ABŞ-ın Harvard Universitetinin məzunudur. 2010-cu ilin parlament seçkisində 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd olub.

Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilən Bəxtiyar Hacıyev hazırda Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Gənc fəal özü, bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, siyasi təşkilatlar onun həbsinin siyasi motivli olduğuna inanır.

XS
SM
MD
LG