Gəncə şəhəri Nizami rayon məhkəməsində Emin Axundovun sədrliyi ilə gənc fəal və bloger Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib.
Vəkil Elçin Namazov Amerikanın Səsi radiosuna bildirib ki, müdafiə tərəfi müttəhimin zaminə buraxılması barədə vəsatətini məhkəmə təmin etməyib. Vəkillərin məhkəmə zalında audio və video çəkiliş aparılması barədə vəsatət də təmin edilməyib.
“Sifarişli hökm hazırdırsa, oxuyun. İnsanların vaxtını almağa dəyməz”, - deyə Bəxtiyar Hacıyev hakimə müraciət edib.
Bu gün məhkəmə şahid ifadələrini yekunlaşdırıb. Bununla da məhkəmə təhqiqatı başa çatıb.
Mayın 10-da dövlət ittihamçısı çıxış edəcək.
Bəxtiyar Hacıyev əsgəri xidmətə çağırışdan yayınmaqda ittiham olunur. Lakin, hüquq müdafiəçiləri onun həbsinin əsas səbəbinin hazırki hakimiyyəti tənqidi və sosial şəbəkələrdə aktiv fəaliyyəti olduğunu bildirir. Bəxtiyar Hacıyev 2010-cu ilə parlament seçkiləri zamanı deputatlığa namizəd olub və seçki saxtakarlığı ilə bağlı sosial şəbəkələrdə video və foto görüntülər yerləşdirib.