Accessibility links

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı həbsdə olan jurnalistləri azad etməyə çağırıb


Azərbaycanda altı jurnalist həbsdədir. Təşkilat hesab edir ki, bu, dünya üzrə ən böyük göstəricidir.

“Eurovision” müsabiqəsi ərəfəsində Azərbaycanda altı jurnalist həbsdədir. Bu, dünya üzrə ən böyük göstəricidir. Bu barədə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (BJMK) bəyanatında deyilir.

“Bu jurnalistlər uydurma, siyasi motivli ittihamlarla həbs olunub”, - sənəddə vurğulanır.

BJMK Azərbaycan prezidenti İlham Əliyevə müraciətində bildirir. “Biz sizi mətbuat azadlığına dair beynəlxalq standartların təmin olunması ilə bağlı götürdüyünüz öhdəliklərə əməl etməyə, dərhal və heç bir şərt olmadan jurnalistləri azad etməyə çağırırıq”, - BJMK-nın direktoru Coel Saymonun məktubunda qeyd edilir.

O həmçinin prezident Əliyevi sistematik olaraq islahatlar aparmağa, Azərbaycanda mətbuat azadlığının pisləşməsinin səbəblərini araşdırmağa çağırıb. “Eurovision” ərəfəsində Azərbaycan hakimiyyəti ölkənin imicini yaxşılaşdırmaq üçün böyük pullar xərcləyir, eyni zamanda hakimiyyət tənqidi səsləri boğur. Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Koalisiyasının bu yaxınlardakı hesabatı göstərir ki, ölkədə ciddi problemlər var. Bura söz azadlığının məhdudlaşdırılması, jurnalistlərə qarşı zorakılıq halları, onları təqib edənlərin cəzasız qalması daxildir. KİV dövlətin tam nəzarəti altındadır”.

Həbsdə olan “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı “Baltika-Bakı” MMC-nin “Eurovision-2012” müsabiqəsinin rəsmi sponsoru olmasına etiraz edir. Turan Agentliyinin məlumatına görə, jurnalist etirazı əks olunan müraciətini Avropa Yayım Birliyinə (AYB) göndərib.

Cənab Zeynallı “Baltika-Bakı” MMC-ni söz və mətbuat azadlığını boğmaqda ittiham edir. Əsas kimi redaktoru olduğu qəzetin bu MMC tərəfindən 50 min manat cərimə edilməsini göstərir. Bu şirkətin rəsmi Bakının əlində “alət”ə döndüyünü iddia edir.

“Hesab edirəm ki, AYB söz azadlığına qənim kəsilən bir şirkətin “Eurovision” müsabiqəsinə sponsorluq etməsinə imkan verməyəcək”, - deyə redaktor bildirib.

2011-ci ildə “Xural” qəzeti şirkət fəhlələrinin müraciətləri əsasında “Baltika-Bakı” MMC-də istehsal qaydalarının pozulmasına dair məqalə hazırlayıb. Bununla bağlı şirkət qəzeti məhkəməyə verərək 150 min manat təzminat tələb edib. 2011-ci il oktyabrın sonlarında redaktor Ə.Zeynallı həbs edilənə kimi məhkəmə qərar çıxara bilməyib. 2012-ci ilin yanvarında isə məhkəmə redaksiyaya və vəkilə xəbər vermədən artıq fəaliyyəti dayandırılmış qəzetin 50 min manat cərimə olunması haqda qərar çıxarıb.

XS
SM
MD
LG