Accessibility links

Quba hadisələri ilə bağlı 4 jurnalist saxlanıb


Quba hadisələri ilə bağlı 4 jurnalist saxlanıb.

Martın 13-də Quba hadisələri ilə bağlı saxlanılan “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, reklam işləri üzrə redaktor Zaur Mustafayev və “Poliqon” İnformasiya Agentliyinin bölgə müxbiri Cəmil Məmmədli Bakıya gətirilib. Bu barədə Amerikanın Səsi radiosuna yerli mənbələrdən məlum olub.

Mənbənin məlumatına görə, dünən Cəmil Məmmədlinin evində axtarış aparılıb.

Jurnalistlərin saxlanması və saxlanma səbəbləri ilə bağlı hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb. Hətta jurnalistlərin hansı qisimdə saxlanması və ya onlara qarşı hansı maddələrlə ittiham irəli sürülməsi barədə məlumat yoxdur. İstintaq orqanı jurnalistlərin saxlanması və saxlanma səbəbi ilə bağlı onların ailələrini belə məlumatlandırmayıb.

Zaur Mustafayevin atası Musafəddin Mustafayev Amerikanın Səsi radiosuna bildirib ki, oğlunun hansı səbəbdən və harada saxlanması ilə bağlı məlumata malik deyil. “Mən özüm də oğlumu axtarıram. Quba rayon prokuroru dedi ki, 2-3 saata buraxacaqlar. Amma artıq 3 gündür oğlumdan xəbərim yoxdur”, - o qeyd edib.
Eyni zamanda, “Poliqon” agentliyindən Amerikanın Səsinə bölgə müxbirlərinin saxlanmasını təsdiq ediblər. Agentliyin baş redaktoru Azər Qaramanlı müxbirlərinin taleyi ilə bağlı hər hansı məlumat ala bilmədiklərini bildirib.

Xatırladaq ki, martın 1-də Quba rayonunda bir neçə min sakin yerli icra hakimiyyəti başçısına dinc etiraz edib. Sonradan dinc etiraz qarşıdurmaya keçib və etirazçılar icra hakimiyyətinin binasının şüşələrini qırıb və icra hakimiyyəti başçısının evini yandırıb. Rayona daxili qoşunlar yeridilib. Etirazçılar, yalnız icra hakimiyyəti başçısı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sakitləşib.

Faktla bağlı cinayət işi qaldırılıb. Jurnalistlərdən öncə 5 nəfər saxlanmışdı. Hazırda jurnalistlərlə birgə 9 nəfər həbsdədir.

XS
SM
MD
LG