Accessibility links

Hüquq müdafiə təşkilatları jurnalistlərin həbsindən narahatdır


Quba hadisələri ilə bağlı həbs edilmiş 8 adamın adı bəllidir. Onlardan iki nəfəri jurnalistdir.

Vəkil Elçin Sadıqov Quba hadisələri ilə bağlı həbs edilən “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqovla görüşə bilmir.

O Amerikanın Səsi radiosuna bildirib ki, martın 23-dən hüquqlarını müdafiə etdiyi şəxslə görüşməsinə imkan verilmir. “Martın 27-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getdim, yenə görüşə icazə vermədilər. Orada dedilər ki, Baş Prokurorluq görüşməyi məsləhət bilmir. Baş Prokurorluq nə vaxt icazə verərsə Vüqar Qonaqovla görüşə biləcəksiniz”.

O müdafiə etdiyi şəxslə görüşə icazə verilməməsini qanunsuzluq kimi qiymətləndirir. “Vüqar Qonaqovun indiyədək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması qanun pozuntusudur. Onun barəsində ittiham var və iki ay həbs qəti imkan tədbiri seçilib. Bu səbəbdən də jurnalist dərhal istintaq təcridxanasına köçürülməli idi. Lakin, Vüqar Qonaqov artıq 10 gündür Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır”.

“Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyevin həbsi beynəlxalq və yerli jurnalist, hüquq müdafiə təşkilatları tərəfindən pislənir.

“Sərhədsiz Reportyorlar” təşkilatı bu il martın 1-də Qubada baş vermiş iğtişaşlarla əlaqədar regional “Xəyal” telekanalının əməkdaşları Vüqar Qonaqovla Zaur Quliyevin həbs olunmasını qəti şəkildə pisləyir.

Sərhədsiz Reportyorlar” istintaqın iğtişaşları törədən səbəbləri araşdırmamasından və Qubada baş verənləri qeydə alaraq ictimaiyyətə göstərən jurnalistlərin cəzalandırılmasından təəccüblənib.

Media Hüququ İnstitutu da Vüqar Qonaqovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılmasını, jurnalistlə vəkili Elçin Sadıqovun görüşməsinə şərait yaradılmamasını pisləyir. “Biz jurnalistin, eləcə də onun vəkilinin hüquqlarının pozulmasının qarşısının alınmasını, müdafiə hüququnun səmərəli həyata keçirilə bilməsi üçün normal şərait yaradılmasını tələb edirik”, - deyə sənəddə qeyd edilir.

Martın 1-də Qubada insanlar rayon icra hakimiyyəti başçısının senzuradan kənar sözlər işlətməsinə etiraz olaraq dinc mitinq keçirib. Sonradan, aksiya qarşıdurma ilə müşayiət olunub. Sakinlər icra hakimiyyətinin binasının şüşələrini sındırıb, icra hakimiyyəti başçısının villasının yandırıb. Daxili qoşunlar və polis qüvvələrinin müdaxiləsi də sakinlərin etirazını sakitləşdirə bilməyib. Yalnız, icra hakimiyyəti başçısı vəzifədən azad edildikdən sonra sakinlər evlərinə dağılıb.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda həbs edilmiş 8 adamın adı bəllidir. Onlardan iki nəfəri jurnalistdir.

Mövzuya uyğun

XS
SM
MD
LG