Accessibility links

Xəyal televiziyasının reklam meneceri həbsdən buraxılıb


Son günlər ərzində Quba hadisələri ilə bağlı 6 jurnalist saxlanmışdı. Onların 4-ü azad buraxılıb.

Martın 23-də Quba hadisələri ilə bağlı saxlanmış “Xəyal” televiziyasının reklam üzrə meneceri Zaur Mustafayev azad buraxılıb. Zaur Mustafayev Amerikanın Səsi radiosunun müxbiri ilə telefon söhbətində buraxıldığını təsdiq etsə də başqa suallara cavab verməyib. “Xahiş edirəm mənə sual verməyin və mən heç nə bilmirəm”, - deməklə o kifayətlənib.

Quba hadisələri ilə bağlı hazırda iki jurnalist həbsdədir. Bunlar “Xəyal” televiziyasının baş direktoru Zaur Quliyev və həmin televiziyasının icraçı direktoru Vüqar Qonaqovdur.

Son günlər ərzində Quba hadisələri ilə bağlı 6 jurnalist saxlanmışdı. Onların 4-ü azad buraxılıb.

Artıq, “Xəyal” televiziyasının baş direktor Zaur Quliyevə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində iki ay həbs-qətimkan tədbiri seçilib.

Vəkili Səfər Hüseynov Amerikanın Səsi radiosuna bildirib ki, məhkəmədə istintaq tərəfi bildirib ki, guya Quba rayon icra hakimiyyəti başçısının çıxışının montajında ardıcıllıq pozulub və çıxışdakı qeyri-etik ifadə aydın hiss edilib. Amma, çıxış icra başçısınındır. “İstintaq bu barədə göstərişi kimin verməsi ilə maraqlanır. Baş direktor isə bildirib ki, həmin tədbirə operator göndərib. Lakin, sonra montajı kimin etməsi ilə maraqlanmayıb və özü də montaj etməyib”, - deyə vəkil qeyd edib.

Ümumilikdə Quba hadisələri ilə bağlı saxlanan və həbs edilən 9 nəfərin adı bəllidir. Bunlar Alxas Danyalov, Samir Xammədov, Fərhad Abdullayev, Xəyyam Yunusov, Murad Zakirov, “Xəyal” televiziyasının baş direktoru Zaur Quliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevi və şəhər bələdiyyəsinin üzvü Dəstəbəy Tərlanovdur.

XS
SM
MD
LG