Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətləri Qubada baş verən hadisə ilə bağlı birgə məlumat yayıb.
Məlumatda deyilir ki, Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də, saat 10:00 radələrində Quba rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib.
Aksiya ilk dəqiqələrdən asayişin pozulmasına yönəlmədiyi və dövlətçiliyə dəstək xarakteri daşıdığı halda, sonradan tədbirə qatılmış ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxaraq ictimai qaydanın kobud surətdə pozulması, şəxsi və dövlət əmlakının qəsdən məhv edilməsi, vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan hərəkətlərə keçib. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində əşyaların istifadəsi ilə törədilmiş hərəkətlər nəticəsində İcra Hakimiyyətinin birinci və ikinci mərtəbələrinin şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikinti və icra başçısına məxsus fərdi yaşayış evi yandırılıb. Hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayan ayrı-ayrı aksiya iştirakçıları xidməti vəzifəsini yerinə yetirən 3 polis əməkdaşına həyat və sağlamlıq üçün təhlükəli olan xəsarətlər yetirib.
Hüquqazidd əməllərin miqyasının genişlənməməsi, rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və Daxili Qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunub, vəziyyət nəzarətə götürülüb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlardan ibarət olan heyət hadisə yerinə gəlib.
Fakt üzrə Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Quba hadisələri ilə bağlı məlumat yayıb
Məlumatda deyilir ki, sonradan tədbirə qatılmış ayrı-ayrı destruktiv elementlərin təhriki ilə aksiya dinc məcradan çıxıb