Accessibility links

Azərbaycanda 7 jurnalist həbsdədir (Audio)


Media Hüququ İnstitutunun direktoru jurnalistlərin müxtəlif ittihamlarla həbs edildiyini bildirir.

Azərbaycanda hazırda 7 jurnalist həbsdədir. Media Hüququ institutunun direktoru Rəşid Hacılı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, həbsdə olan jurnalistlər hökuməti və rəsmiləri tənqid edib və ya əks fikirdən çıxış edib. “Jurnalistlər müxtəlif ittihamlarla həbs edilir”, - deyə o qeyd edib.

Cənab Hacılı martın 1-də Qubada baş verən qarşıdurmadan sonra yerli “Xəyal” televiziyasının icraçı direktorunun və baş redaktorunun həbsini pisləyib. “İstintaq əhalinin narazılığının səbəblərini araşdırmaq əvəzinə sabiq icra hakimiyyəti başçısının insanları təhqir edən çıxışını montaj edən və ya diskə yazan jurnalistləri həbs edir. Jurnalistlər istənilən şəxsin çıxışını montaj edə bilər, diskə yaza bilər, insanlara verə bilər. Avropa İnsan Hüquqları Konvensiyasına görə, jurnalistin hətta insanlarda qəzəb doğuracaq məlumatları yayması belə məsuliyyət doğurmur. Bu jurnalistin vəzifəsidir”.

O hesab edir ki, istintaq insanların ünvanına qeyri-etik ifadələr işlədən, söyüş söyən icra hakimiyyəti başçısının hərəkətlərinə hüquqi qiymət verməlidir. “Çünki, qüvvədə olan qanunvericilikdə təhqirə görə məsuliyyət müəyyən edilib”, - deyə cənab Hacılı qeyd edib.

Rəsmi Bakı ölkədə jurnalistlərin peşə fəaliyyətinə görə həbs edilmədiyini bildirir. Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri söz və fikir azadlığının təmin edildiyini, insanların söz və fikrilərinə görə təqib olunmadığını dəfələrlə xatırladıb. Bu bəyanatlara baxmayaraq, jurnalistlərin həbsi də ara vermir.

XS
SM
MD
LG