Accessibility links

Redaktorlar Birliyi jurnalistin həbsini və mediaya təzyiqləri pisləyir


Redaktorlar Birliyi jurnalistin həbsini və mediaya təzyiqləri pisləyir
Redaktorlar Birliyi jurnalistin həbsini və mediaya təzyiqləri pisləyir

Azərbaycanda jurnalist Aydın Canıyev və iki bloger həbsdədir. Hüquqşünaslar jurnalistin həbsini sifariş adlandırır.

Redaktorlar Birliyinin bu gün keçirilən toplantısında Xural qəzetinin bölgə müxbiri Aydın Canıyevin barəsində 2 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri, bu qəzetlə bağlı baş verən son olaylar, Gündəm Xəbər qəzetində vergi yoxlamaları, qəzetin baş redaktoru və təsisçisinin barəsində qaldırılmış cinayət işi, Ayna və Zerkalo qəzetlərinin, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı İdrak Abbasovun və ailə üzvlərinin üzləşdiyi təzyiqlərlə bağlı müzakirələr aparılıb.
Dünən Lənkəran rayon məhkəməsinin barəsində həbs qəti imkan tədbiri seçdiyi Xural qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevlə bağlı müzakirələrdə bildirilib ki, müxbir avqustun 6-da “Allahşükür Paşazadə Lənkəranda düşmənçilik toxumu səpir!” başlıqlı məqalə dərc etdirib. “Avqustun 7-də o, Bakıda şeyxülislamın adamları ilə görüşüb və onlar müxbirin yazdıqlarını təsdiq edib. Deyiblər ki, yazıda adları çəkilən axundlar işdən çıxarılıb, şeyxülislamın Lənkəran bölgəsi üzrə nümayəndəsinin məsələsi isə Qazilər Şurasında müzakirə ediləcək. Aydın Canıyev gecə saat 1-dən sonra Lənkərana qayıdıb və avqustun 8-də o, inzibati qaydada 12 sutka həbsə məhkum edilib”, - deyə Xural qəzetinin redaktoru Əvəz Zeynallı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.
Cənab Zeynallı Aydın Canıyevin məqaləsində ağır ifadələr olduğunu da təsdiq edib. “Şeyxülislam və onun qohumları təkzib üçün qəzetə müraciət etməsə də, Xural qəzeti həmin ifadələrə görə, şeyxdən və onun qohumlarından üzr istəyib. Amma, jurnalist Milli Təhlükəsizlik nazirinə Lənkərandakı narkotik alveri, tranziti və bir sıra məscidlərdə baş verən əxlaqsızlıqlarla bağlı müraciət etmişdi. Həmin faktlar araşdırılmalıdır. Eyni zamanda, televiziyalarda müxbirin qan içində kadrları göstərilib. Yerli sakinlərin dediyinə görə, onu məscidin həyətində ağaca bağlayıb döyüblər. Bu hadisəyə də hüquqi qiymət verilməlidir. Azərbaycan qanunvericiliyində şəxsiyyəti alçaldan kadrlarla bağlı və şəxsin icazəsi olmadan onun video və fotosunun çəkilməsini qadağan edən maddələr var. Media institutları və hüquq-mühafizə orqanları bu fakta da qiymət verməlidir”, - deyə redaktor qeyd edib.
Redaktorlar Birliyi Naxçıvanda olduğu kimi, Lənkəranda da baş verən hadisə ilə bağlı araşdırma aparmaq üçün bu regiona səfər təşkil edilməsi təklifi irəli sürüb. Eyni zamanda, jurnalistə vəkil tutulması ilə bağlı Media Hüququ institutuna müraciət edilib. Redaktorlar həmçinin, hüquq müdafiəçilərinə və İşgəncələr Əleyhinə Komitəyə jurnalistin sağlamlıq durumu və müdafiəsi ilə bağlı iş aparmaq üçün müraciət edib.
Yeni Müsavat qəzetinin redaktoru Rauf Arifoğlu Xural qəzetinin Mətbuat Şurasının qara siyahısına salınmasına etirazını bildirib. O, Yeni Müsavat qəzetinə qarşı Müdafiə Nazirliyinin iddia qaldırmaq istədiyini də diqqətə çatdırıb.
“Mətbuat Şurasının qəzetləri reket elan etməsi qanunvericiliyə ziddir. Reketçilik kriminal hərəkətdir və bu hərəkətə yalnız məhkəmə qiymət verə bilər”, - deyə Femida qəzetinin redaktoru Əyyub Kərimov qeyd edib.
Redaktorlar Birliyi hesab edir ki, Gündəm Xəbər qəzetinə qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət təqibi aparılmamalıdır.

Xatırladılıb ki, Mətbuat Şurasının müraciəti əsasında qəzetdə vergi yoxlamaları aparılıb və cinayət işi başlanıb. Qəzetin redaktoru Cəfəri Şirin bildirib ki, cinayət işinin istintaqı davam etdirilir və sabah Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti vergi yoxlamaları ilə bağlı son qərarını açıqlayacaq. “Cinayət işinin davam etdirilib-etdirilməməsi bu rəydən asılı olacaq”.
Qəzetə qarşı qaldırılan cinayət işi ilə bağlı hazırlanan hüquqi rəydə deyilir ki, Gündəm Xəbər nəşri əvvəllər həftədə bir, sonra isə iki dəfə dərc olunub. Qəzet yüksək vəzifəli məmurları tənqid edib. Bu səbəbdən daim təzyiqlərə məruz qalıb.
Hüquqşünasların hazırladığı rəyə görə, Mətbuat Şurası qəzet və qəzetin baş redaktoru Cəfəri Şirinlə bağlı Bağ Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib. “Mətbuat Şurasının belə bir səlahiyyəti yoxdur. Mətbuat Şurası ictimai qurum olmasına baxmayaraq, ona verilən qeyri-rəsmi səlahiyyətlər əsasında özünü KİV-ə nəzarət edən orqan kimi hesab edir, KİV-i cəzalandırmaq təhdidi ilə qorxu altında saxlayır”.
Rəydə deyilir ki, Mətbuat Şurası qəzetin və redaktorun cinayət törətməsi barədə sübut olmadığı halda yalan məlumat verib. “Eyni zamanda, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə istintaq aparmaq səlahiyyəti yoxdur”.
Hüquqi rəyə görə, baş redaktora qarşı qaldırılmış cinayət işi sifarişlidir. “Vergi orqanları əldə etdiyi mənbəyi bəlli olan məlumat əsasında vergi yoxlaması apara bilər. Amma, tərtib edilən aktda belə məlumat yoxdur. Akt qanunsuzdur. Belə ki, qəzetin ilk tirajı 1500 nüsxə, ən yüksək tirajı isə 2140 olub. Qəzet Mətbuat Yayımı şirkətləri vasitəsi ilə yayılıb. Tirajların 40 faizi satılmayıb. Mətbuat Yayımı Şirkəti qəzetin 1 nüsxəsini 24 qəpiyə alıb, satışdan qalan 26 qəpik yayımla məşğul olan şirkətə qalıb. Amma, səyyar vergi yoxlaması zamanı qəzetin tirajı gündəlik və yüksək tirajlı Azadlıq, Yeni Müsavat qəzetləri ilə eyni götürülüb. Şirkətə 26 qəpik verilməsi və 40 faiz satılmayan qəzetlər nəzərə alınmayıb”, - deyə hüquqi rəydə deyilir.
Ayna - Zerkalo qəzetlərinin və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovun və onun ailə üzvlərinin üzləşdiyi təzyiqlərlə bağlı Redaktorlar Birliyi məsələni gündəmdə saxlanması və baş verənlərin ictimailəşdirilməsi barədə qərar verib.
Xatırladaq ki, Azərbaycanda həbsdə olan son jurnalist bu ilin iyununda azadlığa buraxılıb. Beynəlxalq təşkilatlar Azərbaycanı həbsdə jurnalist olmayan ölkə kimi xarakterizə etməyə başlamışdı. Amma, bu uzun sürmədi, artıq Azərbaycanda 1 jurnalist və 2 bloger həbsdədir.

Öz növbəsində, rəsmi Bakı ölkədə mediaya və jurnalistlərə hər hansı təzyiqin olmadığını, mətbuat azadlığının tam təmin edildiyini bildirir. Hökumət rəsmilərinin dediyinə görə, jurnalistlər və blogerlər yazıları ilə bağlı deyil, kriminal hərəkətlərinə görə həbs edilib.

XS
SM
MD
LG