Həbsdə olan “Xural” qəzetinin redaktoru əvəz Zeynallının istintaq işi ilə bağlı Preventiv İctimai Təhqiqat Qrupunun ilkin hesabatı açıqlanıb.
Hesabatın nəticələrinə görə, istintaq hərəkətləri aparılmayıb və redaktorun həbsi ilə bağlı bir çox hüquqi normativ aktlar kobud şəkildə pozulub.
Preventiv İctimai Təhqiqat qrupu həmçinin baş redaktora qarşı 311.3.3 (külli miqdarda törədildikdə rüşvət alma), 311.4 (hədə-qorxu ilə tələb edildikdə) maddələri ilə deputat Gülər Əhmədovanın qaldırdığı iddia üzrə onunla heç bir üzləşmə aparılmadığını qənaətinə gəlib.
Bundan əlavə, Preventiv İctimai Təhqiqat qrupu Xural qəzetinin çapına qoyulan qeyri-rəsmi qadağalarla bağlı araşdırma apardıqlarını vurğulayaraq, qəzetin çap edilməsinə Prezident Administrasiyası, MTN, Korrupsiyaya qarşı mübarizə idarəsi, Ədliyyə Nazirliyi tərəfindən təzyiqlər olunduğunu aşkara çıxarıb.
Eyni zamanda, Preventiv İT qrupu Xural qəzetinin kollektivi Nurəddin İsmayılov, Kamran Zamanlı və qəzetin redaktoru Anar Niftəliyevə edilmiş hədələrlə bağlı araşdırma aparıb.
PİT qrupu apardığı araşdırma nəticəsinə görə hesab edir ki, Əvəz Zeynallının həbsi siyasi sifarişlidir, Onun həbsi peşə fəaliyyəti ilə bağlıdır.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də deputat Gülər Əhmədovanın rüşvət tələb etmə barədə yazılı şikayəti əsasında həbs olunub. Oktyabrın 19-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və KİV-ə Dövlət Dəstəyi Şurasının rəhbəri Vüqar Səfərlinin iddiası ilə məhkəmənin qərarı əsasında qəzetin əmlakı müsadirə olunub.
Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, həyat yoldaşının həbsi ailəyə mənəvi zərbə vurub. “Əvəz Zeynallı siyasi sifarişlə həbs edilib və ona qarşı hər hansı istintaq hərəkətləri aparılmır. Çünki, həyat yoldaşıma qarşı irəli sürülən ittihamlar əsassızdır”.
Xanım Zeynallı Xural qəzetinin çapının davam etdirilməsinə imkan verilmədiyini də diqqətə çatdırıb. “Bütün mətbəələrə Xural adlı qəzeti çap etməmək barədə şifahi göstəriş verilib. Bu səbəbdən də mətbəələr qəzetin çapından imtina edir”.
Məlahət Zeynallı nəhayətdə ədalətin bərpa olunacağına və həyat yoldaşının həbsdən azad ediləcəyinə inanır.
Məlahət Zeynallı: Həyat yoldaşıma qarşı irəli sürülən ittihamlar əsassızdır
Xural qəzetinin redaktoru Əvəz Zeynallı deputat Gülər Əhmədovanın rüşvət tələb etmə barədə yazılı şikayəti əsasında həbs olunub.