Bakı apelyasiya məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı növbəti 2 proses keçirilib. Əvəz Zeynallının vəkili Mənsum Bayramov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə baş redaktorun istintaq müddətinin uzadılmasından verilən şikayətə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə isə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə şikayətə baxılıb.
Vəkil qeyd edib ki, Əvəz Zeynallı əvvəllər onunla bağlı bir neçə işə baxan hakim Mirpaşa Hüseynovla bağlı etiraz vəsatəti verib, lakin vəsatət təmin edilməyib. Vəkil əlavə edib ki, o, prosesdə Əvəz Zeynallının ictimai təhlükə doğurmadığını və bu səbəbdən də onunla bağlı həbs qətimkan tədbirinin müddətinin uzadılmasına heç bir ehtiyac olmadığını bildirsə də, hər iki hakim 1-ci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlayıb.
Qeyd edək ki, YAP Siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Yanvarın 17-də isə Nəsimi rayon məhkəməsində baş redaktor barəsində çıxarılmış həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb. Baş redaktorun vəkilləri həbs qətimkan tədbirinin uzadılmasından, həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətin təmin olunmamasından apellyasiya şikayəti vermişdi.
“Xural” qəzetinin baş redaktoru barədə oktyabrın 28-də 3 aylıq həbs qətimkan tədbiri seçib və yanvarın 17-də daha 3 ay uzadılıb.