“Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist təşkilatı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən dərhal azad olunmasını tələb edən bəyanatla çıxış edib.
Təşkilat jurnalistin həbsdə saxlanılması barədə Apelyasiya məhkəməsinin qərarını qəti pisləyib.
“Azərbaycan hakimiyyəti bütün imkanlardan istifadə edərək tənqidçi qəzeti susdurmaq istəyir və onun redaktorunu dövlət başçısını kəskin tənqid etdiyinə görə cəzalandırır. Redaktoru həbs etməyə heç bir lüzum yox idi və onun həbsxanaya salınması barədə qərar ləğv olunmalıdır”, - deyə bəyanatda qeyd edilir.
Vəkil Elçin Sadıqov bu gün Amerikanın Səsi radiosuna “Xural” qəzetinin baş redaktoruna qarşı əlavə ittihamın irəli sürüldüyünü bildirib. “Daha üç nəfər Əvəz Zeynallıya rüşvət verməsi ilə bağlı istintaq orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Həmin şikayətlər əsasında baş redaktora qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma - təkrar törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb. Bu ittiham 3 nəfər yüksək ranqlı sahibkarların şikayəti əsasında irəli sürülüb”, - deyə o qeyd edib.
Oktyabrın 28-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı üç aylıq həbs edilib.
Baş Prokurorluq onun deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edildiyini bildirir. Korrupsiya qarşı Mübarizə İdarəsində Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Bu ittihamlar məhkəmədə sübut olunarsa baş redaktoru 12 ilədək həbs gözləyir.
Oktyabrın 20-də Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli və müğənni Nüşabə Ələsgərlinin iddiaları üzrə cərimə ödəmədiyinə görə “Xural” qəzetinin əmlakı müsadirə olunub.
Xural qəzetinin baş redaktoru həbsini siyasi sifariş adlandırıb. O oktyabrda dövlət başçısını kəskin tənqidə məruz qoyan tənqidi məqalələrlə çıxış edib. Bundan öncə də qəzet məmurları kəskin və ifşaedici məqalələr dərc edib. Qəzetə qarşı son illər 30 iddia irəli sürülüb. Xuralın cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev də ifşaedici məqalə dərc etdirdikdən sonra bu ilin sentyabrında xuliqanlıq ittihamı ilə həbs edilib.