Amerika Azərbaycan Milli Təhlükəsizlik nazirliyinin İran İnqilabının Mühafizəçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşlarının həbsi ilə bağlı uğurunu alqışlayır. Bu barədə jurnalistlərin sualının cavabında Amerikanın Azərbaycanda səfiri vəzifəsini icra edən müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib.
"Biz bilirik ki, həmin şəxslər təhlükəli planların hazırlanmasına görə həbs olunublar və çox şadıq ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi bu əməllərin qarşısını alıb", - deyə cənab Sterlinq qeyd edib.
Onun sözlərinə görə, ABŞ hökuməti təhlükəsizlik məsələləri üzrə Azərbaycanla birlikdə çalışır. “Amerika və Azərbaycan təhlükəsizlik sahəsində müntəzəm və məhsuldar əməkdaşlıq edir. Amma, İrandan olan təhlükələrlə bağlı məsləhətləşmələr barədə məlumat verməyəcəm”.
Cənab Adams Amerika vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlığın qüvvədə olub-omaması barədə Amerikanın Səsi radiosunun sualının cavabında deyib ki, Amerika vətəndaşlarına müxtəlif növlü xəbərdarlıqlar edilir. “Bu xəbərdarlıqların bəziləri beynəlxalq səviyyədə olan təhdidlər, bəziləri isə spesifik olaraq Azərbaycanla bağlıdır. Xəbərdarlıqlar qüvvədə qalmaqdadır”.
Müvəqqəti İşlər vəkili bildirib ki, bu xəbərdarlıqların yayılmasında məqsəd amerikalıların və ya kimlərinsə Azərbaycana gəlməməsini, Azərbaycandan uzaqda qalmasını tövsiyə etmək deyil. “Məqsəd odur ki, istər Azərbaycana, istərsə də başqa ölkələrə səfər edən amerikalılar sayıqlığını itirməsin”, - deyə o qeyd edib.