Accessibility links

Ərəstun Oruclu: Amerika mediasında dərc edilən məqalə Azərbaycan və İsrailə xatırlatma ola bilər


Amerikanın Foreign Policy jurnalı Azərbaycanın İran sərhədinə yaxın aviabazalarını İsrailin sərəncamına verildiyini yazır. Azərbaycan rəsmiləri təkzib edir.

Azərbaycan Müdafiə Nazirliyi və Prezident Administrasiyası hərbi aerodromların İrana qarşı istifadə üçün İsrailə verməsi haqqında məlumatı təkzib edib.

“Azərbaycan ərazisindən heç vaxt İrana qarşı yönəlmiş əməliyyatlar üçün istifadə olunmayacaq”, - deyə cümə axşamı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Qeyd edək ki, bu məlumat İsrail mənbələrində və Amerikanın Foreign Policy jurnalında yayılıb.

“Azərbaycan İran sərhədinə bilavasitə yaxınlıqda yerləşən aviabazalarını İsrailin sərəncamına verib. Ola bilər ki, İsrail Azərbaycan aerodromlarından İranın nüvə obyektlərinə zərbə üçün istifadə etsin. Bazalardan benzin çənləri İsraildən enişsiz İrana və geriyə uçuş üçün nəzərdə tutulmayan ağır bombardmançı təyyarələrə benzin vurulması üçün istifadə oluna bilər”, - deyə Foreign Policy Ağ Evdə yüksək vəzifəli mənbələrə istinadla yazır.
“İsraillilər aerodrom alıblar, - deyə Vaşinqton administrasiyasındakı mənbə bildirib. - Bu aerodrom Azərbaycan adlanır”.
İsrail Azərbaycan aviabazalarından bilavasitə hərbi məqsədlərlə istifadə etməsə də, qonşu İran ərazisi üzərində hava əməliyyatları zamanı zəruri olan axtarış-xilasetmə dəstələrinin sahə düşərgələri orada yerləşdirilə bilər. “Bakı ilə sıx əməkdaşlıq İsrailin bölgədəki mövqeyini möhkəmləndirir”, deyə jurnal Amerika xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşından sitat gətirir.
Jurnal yazır ki, Ağ Evdə İsrail-Azərbaycan münasibətlərinin möhkəmlənməsinin İsrail Hərbi Hava Qüvvələrinin İrana zərbə endirməsi ehtimalını artırdığını hesab edirlər. ABŞ Prezident Administrasiyasından qeyd ediblər ki, Azərbaycan-İsrail arasında hərbi sahədə əməkdaşlıq Amerika tərəfi üçün İranın nüvə probleminin diplomatik həllinin axtarışını çətinləşdirir. “Biz İsrailin Azərbaycanda fəaliyyətini müşahidə edirik və bundan məmnun deyilik”, deyə Ağ Evdəki mənbə qeyd edib.

Müstəqil ekspertlər isə Azərbaycan-İran münasibətlərində gərginliyin davam etdiyini bildirir. Bununla yanaşı Azərbaycan-İsrail münasibətlərində yaxınlaşma var.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, müdafiə naziri Səfər Əbiyevin İran səfərindən dərhal sonra Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İranın xüsusi xidmət orqanlarına işləyən 20 nəfərin həbsi ilə bağlı məlumat yayıb. “Səfər Əbiyevin təyyarəsi Bakı hava limanına enən kimi bu məlumat yayıldı. Görünür İranda Azərbaycan müdafiə nazirini təhdidedici məqamlar olub”, - deyə politoloq qeyd edib.

O eyni zamanda Amerikanın İsrailin İrana qarşı müharibə istəyinin tam əleyhinə olduğunu bildirib. Bu barədə prezident Barak Obama İsrail tərəfinə açıq şəkildə bildirib.

“Amerika mətbuatının bu məqaləsi Azərbaycan və İrana xatırlatma xarakteri də daşıya bilər”.

Politoloq həmçinin İraq Küveyt münasibətlərini də xatırladıb. “Bu məqalələr İranın gərgin durumunun daha da hirsləndirilməsinə də xidmət edə bilər. İran bir qayda olaraq qərb mediasında dərc olunanlarla bağlı Azərbaycana qısqanc yanaşır. Hesab edirəm ki, bu məqalədən sonra da Azərbaycana xəbərdarlıq edəcək”.

Mövzuya uyğun

XS
SM
MD
LG