Accessibility links

Filip Qordon: Güclü, müstəqil, mütərrəqi və demokratik Azərbaycan Birləşmiş Ştatların həmişə dostu və tərəfdaşı olacaq


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon Vaşinqtonda ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə tədbirdə danışıb

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon Vaşinqtonda ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Dövlət Departamenti və Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyi tərəfindən keçirilən tədbirdə iki ölkə arasında münasibətilərin əhəmiyyətindən danışıb

Filip Qordon Azərbaycanla əlaqələrin Amerika üçün əhəmiyyətini vurğulayaraq, iki ölkə arasında üç əsas istiqamətdə əməkdaşlıq aparıldığını qeyd edib. O, beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycanın verdiyi töhfələri vurğulayıb, Azərbaycan əsgərlərinin Kosovoda və İraqda Amerika əsgərlərilə çiyin-çiyinə dayandığını, Azərbaycanın NATO-nun Əfqanıstanda əməliyyatlarının təmin edilməsi üçün mühüm nəqliyyat dəhlizi kimi çıxış etdiyini göstərib.”ABŞ prezidenti və Dövlət katibinin bizim Əfqanıstanda uğur qazanmağımıza nə qədər böyük əhəmiyyət verdiyini bilirsiniz və Azərbaycanın buna nail olmaq üçün vediyi töhfələr olduqca böyükdür”-deyə Filip Qordon bildirib.

Dövlət katibinin yardımçısı deyib ki, BMT Təhlükəsizlik Şurasında iki il müddətinə qeyri-daimi üzv statusunda Azərbaycanın üzərinə qlobal təhlükəsizlik məsələlərində böyük məsuliyyət düşür və Azərbaycan administrasiya üçün prioritet məsələ olan İrana qarşı beynəlxalq sanksiyaların qəbul edilməsində artıq mühüm rol oynayıb.

“Təhlükəsizlik sahəsində Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli ilə bağlı öhdəliyimizdən mühüm məsələ yoxdur”-deyən Filip Qordon ABŞ administrasiyasının sülh prosesinə sadiqliyini və Minsk Qrupunun üzvü kimi Birləşmiş Ştatların təfərlərlə davamlı sülhə nail olmaq üçün yaxından işləməyə davam edəcəyini vurğulayıb. “Dövlət katibi Klinton məsələni diqqətlə izləyir və bu məsələyə çox vaxt və diqqət ayırır”-deyə Filip Qordon qeyd edib.

O, Azərbaycan və ABŞ arasında enerji sahəsində əməkdaşlığın son 20 il ərzində əldə olunmuş nailiyyətlər üzərində qurulduğunu bildirib. Filip Qoron Əsrin Müqaviləsi və Bakı-Tbilsi-Ceyhan əsas neft ixrac boru kəmərini bu əməkdaşlığa nümunə kimi göstərib.

ABŞ Dövlət katibinin müavini Azərbaycan və Amerika arasında əlaqələrin daha bir mühüm sahəsinin demokratiya quruculuğu olduğunu deyərək, qanunun aliliyi, fundamental azadlıqlara hörmət və vətəndaş cəmiyyətinin inkişafı daxil olmaqla, demokratik və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində səylərin davam etdirildiyini bildirib. “Biz Azərbaycana böyük potensialı olan bir ölkə kimi baxırıq və Azərbaycanın müasir demokratik dövlət və regional və qlobal lider olmaq kimi məqsədinə çatdığını görmək istəyirik. Azərbaycanın bu sahələrdə tərəqqisi bizim əlaqələrimizin dərinləşməsinə kömək edəcək. Güclü, müstəqil, mütərrəqi və demokratik Azərbaycan Birləşmiş Ştatların həmişə dostu və tərəfdaşı olacaq ”-deyə Filip Qordon fikrini tamamlayıb.

Vaşinqtonun prestijli “Kosmos” klubunda keçirilən tədbirdə ABŞ Konqresinin və Birləşmiş Ştatlar administrasiyasının hazırkı və sabiq üzvləri, Vaşinqtonda yerləşən xarici diplomatik missiyaların nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycan və türk icmasının üzvləri iştirak edib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında Birləşmiş Ştatlar və Azərbaycan arasında 20 il ərzində möhkəm əlaqələrin qurulduğunu qeyd edib və bu münasibətlərin təkcə iki ölkə üçün deyil, bütün bölgə üçün əhəmiyyətini vurğulayıb.

Tədbirdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə Azərbaycan və Birləşmiş Ştatlar arasında tərəfdaşlıq əlaqələrinin gücləndiyini bildirib.

“İlk dəfə Azərbaycan dövlətinin nümayəndəsi kimi, gənc müstəqilliyini əldə etmiş Azərbaycanın təmsilçisi kimi Amerika Birləşmiş Ştatlarına gələndə və Amerika-Azərbaycan arasında əməkdaşlıq və təhlükəsizlik sahəsində əməkdaşlıq haqda danışanda məndən xahiş etdilər ki, xəritədə bu ölkəni göstərim. Azərbaycan sözünün tələffüz edilməsində də çox böyük çətinliklər çəkirdilər. 20 il ərzində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində, çox ciddi strateji enerji layihələrinin həyata keçirilməsində Azərbaycana dəstək verib. Bu gün Azərbaycan bölgədə Amerika Birləşmiş Ştatlarının ən etibarlı müttəfiqinə çevrilib və Amerikaya qarşı terror hücumundan sonra Azərbaycanın Amerika ilə anti-terror koalisiyasının ən fəal üzvlərləri kimi İraqda, Kosovoda əsgərləri xidmət edir. Bu gün Əfqfanıstanda nəinki Azərbaycanın əsgərlri və zabitləri xidmət edir, Azərbaycan NATO-nun Əfqanıstanda əməliyyatlarına ən böyük dəstək verən ölkələrdən birinə çevrilir. Azərbaycan-Amerika münasibətləri əsasən üç müstəvidə, birincisi, təhlükəsizlik sahəsində, bölgəmizdə sülhün bərqərar olması istiqamətində gedir, enerji sahəsində əməkdaşlıq münasibətlərimizdə çox mühüm bir amildir və üçüncüsü, Azərbaycanda islahatların həyata keçirilməsi və demokratiyanın inkişafıdır. Bu da bizim əməkdaşlığımızın çox mühüm bir sahəsidir. Mən əminəm ki, hər üç sahədə uğurlarımız olacaq. Əminəm ki, hər üç sahə Azərbaycan bölgənin liderinə çevriləcək, eyni zamanda Amerika Birləşmiş Ştatlarının ən etibarlı müttəfiqi kimi bizim imkanlarımız gün-gündən artacaq”.

Birləşmiş Ştatlar 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə fevral ayında qurulmuşdur. 1992-ci ildə mart ayında ABŞ Azərbaycanda səfirliyini açmışdır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG