Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Azərbaycan parlamentində deputatlar qarşısında çıxış edib.
“Gürcüstan və Azərbaycan gənc ölkələrdir və onlar birlikdə çətinliklərə qarşı dururlar. Onlar 2008-ci ilin avqustunda da birlikdə idilər. Bizim əlaqələrimiz çox uzaq keçmişə, Davidin qızını şirvanşah Manuçöhrə ərə verdiyi zamana dayanır. Azərbaycan mədəniyyətinin ən yaxşı nümayəndələri - Nizami, Mirzə Fətəli Axundov, Mirzə Cəlil Məmmədquluzadə, Rəşid Behbudov və digərləri həyatlarının bir hissəsini Gürcüstanla bağlamışlar. Azərbaycan Demokratik Respublikasının (1918-1920) nümayəndələri də Gürcüstanda oxumuş və işləmişlər”, - deyə prezident Saakaşvili parlamentarlar qarşısında çıxış edib.
Təhlükənin müsəlmanlardan, xristianlardan, kommunistlərdən, milliyyətçilərdən və ya hər-hansı başqa qüvvədən gəlməsinin fərqi yoxdur. Azərbaycan və Gürcüstan daim bir olub.
“Rusiya müxtəlif adlar altında imperiya olub və imperiya olaraq qalmaqdadır. Onun rəhbərliyi “itirdiyi əraziləri əlində cəmləşdirməyə” çalışır, bu, indi daha çox hiss olunur. Lakin onlar bilməlidirlər ki, qeyri-sabit vassaldansa, güclü müstəqil qonşusu olmaq daha yaxşıdır. Biz daim dəyişən cizgilərə deyil, güclü sərhədlərə malik Rusiya istəyirik. Biz hər il milyardlarla dolları xaricə sızan soyulan Rusiya görmək istəmirik, biz Rusiyanı zəifləyən, amma hələ də ambisiyalı düşmən kimi deyil, etibarlı tərəfdaş kimi görmək istəyirik.
Buna görə bizi ayrı-ayrılıqda tutaraq, uçuruma atmasınlar deyə biz, Qafqaz ölkələri bir olmalıyıq. Biz rusları mədəni tərəfdaşlar kimi qarşılamağa hazırıq, amma işğalçı kimi deyil. Gürcüstan birtərəfli qaydada Rusiya vətəndaşlarına qarşı viza rejimini ləğv edib”, - deyə o qeyd edib
Gürcüstan prezidenti Rusiyaya daimi gizli etnik təmizləmələrdən xilas olmağı arzulayıb.
Prezident Saakaşvili deyib ki, Gürcüstan istənilən məsələdə Azərbaycanın yardımını hiss edir. “İki ölkənin münasibətlərinin gücü məhz bundadır və bu, regionda sabitliyin və inkişafın çox mühüm nöqtəsidir”.
Daha sonra Gürcüstan prezidenti Azərbaycan dilində Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadədən sitat gətirib. “Bir dəfə yüksələn bayraq bir daha enməz”.
“Əli və Nino” romanını yadımıza salaq, o, iki ölkənin müstəqilliyinə həsr olunub. “Yadınızdadırsa, Azərbaycan müstəqilliyini itirdikdən bir il sonra Gürcüstan da dövlət müstəqilliyini itirib. Odur ki, biz birlikdə olmalıyıq”, - deyə cənab Saakaşvili qeyd edib.
Azərbaycan və Gürcüstan energetika sahəsində də sıx əməkdaşlıq edir, bunun nəticəsində Gürcüstan da sürətlə inkişaf edir. Bu inkişafın əsas qayəsi məhz, Azərbaycanın yardımıdır. “Yəni Azərbaycanın müstəqilliyi Gürcüstanın da müstəqilliyi deməkdir”, deyə o bildirib.
Sonda cənab Saakaşvili Azərbaycana futbol üzrə Avropa çempionatının keçirilməsi üçün birlikdə müraciət etməyi təklif edib. “Biz Avropa ölkələrini birləşdirən uğurlu nəqliyyat layihələri həyata keçiririk. Niyə idmanda da belə bir layihə təşkil etməyək?”, deyə o qeyd edib