Accessibility links

Seulda İsrail baş naziri müavininin Azərbaycan prezidenti ilə görüşdüyü bildirilir


İzrus sayt yazır ki, İsrail tərəfi İrana qarşı sanksiyaların ən qısa zamanda sərtləşdirilməsi zərurətini qeyd edib.

İsrail baş nazirinin müavini, xüsusi xidmətlərin işləri üzrə nazir Dan Meridor Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə İrana qarşı sanksiyaların ən qısa zamanda sərtləşdirilməsi zərurətini qeyd edib. Xəbəri Turan Agentliyi İzrus saytına istinadən yayıb.
Görüş Seulda keçirilən nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutub. Görüş zamanı İsrail baş nazirinin müavini, xüsusi xidmətlərin işləri üzrə nazir Dan Meridor Azərbaycan prezidentini İrana qarşı sanksiyaların gücləndirilməsi zərurətinə inandırırmış.
Dan Meridor həmçinin cənab Əliyevi İsrailə səfərə dəvət edib.

Bununla yanaşı, görüşlə bağlı məlumatı rəsmi mənbələr təsdiq etmir. Belə ki, prezident Əliyev və nazir Dan Meridor arsında görüşün olması barədə Azərbaycan prezidentinin rəsmi saytında hər hansı məlumat yerləşdirilməyib və prezidenti müşayiət edən rəsmi media orqanları bu barədə yazmayıb.

Xatırladaq ki, iki həftə əvvəl Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) İranın xeyrinə casusluqda və digər cinayətlərdə ittiham olunan 22 nəfərin həbs edildiyini bildirib. “Əməliyyat tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və təhlükəsizliyi zərərinə casusluqda, dövlətə xəyanətdə və digər ağır cinayətlərdə ittiham olunan 22 nəfər həbs edilib”, - MTN-nin məlumatında bildirilir.

İran isə Azərbaycanı ABŞ və İsrailin Bakıdakı səfirliklərinə qarşı terror aktlarının hazırlanmasında iştirakı ilə balı ittihamları rədd edib. Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov martın 17-də İran Xarici İşlər Nazirliyinə dəvət edilib və ona qəti etiraz bildirilib. Söhbət zamanı səfirə “İsrailin İranın nüfuzdan salınması üzrə səyləri” barədə məlumat verilib.
Öz növbəsində, İran üzrə məşhur İsrail eksperti Menaşe Amir hesab edir ki, Bakı və Qüds arasındakı tərəfdaşlıq münasibətlərinin alternativi yoxdur və onlar Tehranın narazılığına baxmayaraq, əməkdaşlığı genişləndirəcəklər.

XS
SM
MD
LG