Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin martın 7-də Naxçıvanda keçirilmiş görüşünün regional və beynəlxalq əhəmiyyəti var. Bu barədə bugünki mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Naxçıvan bəyanatının qəbul edilməsi ilə başa çatan üçtərəfli görüşün yekunlarını şərh edərkən bildirib.
O, “üç müsəlman ölkəsi arasında əməkdaşlıq üçün böyük potensial olduğunu” bildirib.
İran iki müsəlman qonşusu ilə əməkdaşlıq üçün Azərbaycanın ərazilərini işğal edən və Türkiyəyə qarşı ərazi iddiaları olan Ermənistanla münasibətlərinə yenidən baxa bilər? Turan Agentliyinin bu sualına cavabda cənab Bəhrami deyib ki, İran üçtərəfli münasibətlərin tərəfdarıdır və regionun problemlərinin xaricdən müdaxilə olmadan, elə regionun özündə həll edilməli olduğunu hesab edir.
Bu zaman o qeyd edib ki, Qarabağ problemi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 il ərzində həll edilməyib, çünki o, (MQ) bunu istəmir. “Onlar nəinki dünyadakı problemləri həll etmirlər, əksinə, problem yaradırlar”, deyə səfir qeyd edib.
Eyni zamanda o, üç ölkə nazirlərinin Naxçıvan bəyanatında Qarabağ münaqişəsinin suverenliyə, ərazi bütövlüyünə hörmət prinsipləri və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində sülh yolu ilə həll edilməsinə dəstək ifadə olunduğunu vurğulayıb.
Cənab Bəhrami Naxçıvanda son zamanlar Bakı və Tehran arasında nota mübadiləsi ilə bağlı məsələnin müzakirə olunub-olunmadığı barədə suala müsbət cavab verib. Bu məsələlər xüsusən xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Abbas İraqçı arasında müzakirə olunub.
Səfir nazir müavinlərinin danışıqlarının yekunlarını müsbət qiymətləndirib, Xələf Xələfovun İranlı həmkarını gələn ay Bakıya dəvət etdiyini bildirib.
İkitərəfli münasibətlərdə böhranın aradan qaldırıldığını hesab etmək olarmı? Bu suala cavabda Bəhrami aşağıdakı kimi cavab verib: “Heç bir böhran yox idi. Ailə daxilində də bəzən anlaşılmazlıqlar olur”.
Xatırladaq ki, bir ay əvvəl Tehran Bakını İranın nüvə proqramçılarını qətlə yetirən İsrail xüsusi xidmət orqanları ilə əlbirlikdə ittiham edib. Buna cavab olaraq Azərbaycan İranı Bakıda xarici vətəndaşlara qarşı terror aktları hazırlamaqda ittiham edib.
İranın Azərbaycan-İsrail və Azərbaycan-ABŞ münasibətlərini necə qiymətləndirməsi barədə suala cavabda Bəhrami deyib ki, Azərbaycan müstəqil dövlətdir və öz xarici siyasətini özü müəyyən etmək hüququna malikdir. Bununla belə, o qeyd edib ki, İranda müəyyən suallar yaranırsa, “biz fikir mübadiləsi aparırıq”.
İran nüvə proqramını sülh məqsədilə hazırlayır və atom silahı yaratmaq planları qurmur, dünyada kütləvi qırğın silahlarının ləğvinin tərəfdarıdır.
“Nüvə silahı heç nəyi həll etmir. O, SSRİ-ni dağılmadan xilas edə bilmədi, İsraili “Hizbullah” şiə təşkilatı və Qəzza bölgəsində sünni qruplaşması üzərində qələbə ilə təmin etmir”, - deyə o qeyd edib.
Avropa İttifaqının sanksiyalarına gəlincə, 33 il ərzində sanksiyalar siyasəti İranı yalnız gücləndirib.
İran parlamenti Pakistan kimi Xocalı soyqırımını tanıya bilərmi? - sualına cavabda səfir İranın bütün bu kimi cinayətləri pislədiyini deyib.