Accessibility links

Azadlıq radiosunun müxbirinin şantaj edilməsi pislənilir


Naməlum şəxslər martın 7-də jurnalistin ev ünvanına məktub göndərərək susmasını tələb edib, əks halda intim şəkillər yaymaqla onu rüsvay edəcəklərini yazıblar.

Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılovanın ev ünvanına hədələyici məktub göndərilməsi, onun şantaj edilməsi beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, ictimai və siyasi xadimlər, ziyalılar tərəfindən pislənir.

Belə ki, naməlum şəxslər martın 7-də jurnalistin ev ünvanına məktub göndərərək susmasını tələb edib, əks halda intim şəkillər yaymaqla onu rüsvay edəcəklərini yazıblar.

Azadlıq radiosu bəyanat yayaraq Xədicə İsmayılovaya qarşı təzyiqləri kəskin pisləyib. Ölkənin aparıcı müxalifət partiya rəhbərləri, ziyalılar, hüquqşünaslar və hüquq təşkilatları Xədicə İsmayılovanın şantaj edilməsinin hiddət və narahatlıqla qarşılandığını bəyan edib.

Beynəlxalq hüquq müdafiə və jurnalist təşkilatları da hakimiyyətin ali eşelonunda korrupsiya faktlarını araşdıran jurnalist Xədicə İsmayılovanın ünvanına təhdidləri pisləyir. “Biz həmkarımızın ağzını yummaq üçün istifadə olunan təqib taktikasından dəhşətə gəlmişik və Azərbaycan hakimiyyətini onun təhlükəsizliyini təmin etməyə, bütün günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”, - deyə Beynəlxalq Jurnalistlərin Müdafiə Komitəsinin Avropa və Asiya ölkələri üzrə proqram koordinatoru Nina Oqnyanova bildirib.

Xədicə İsmayılova özünə qarşı təhdidi sürpriz kimi qarşılamır. “Uzun müddətdir, jurnalist araşdırmaları aparıram. O cümlədən, prezident İlham Əliyevin ailə üzvlərinin gizli bizneslərini araşdırmışam, ən yüksək səviyyədə korrupsiya ilə bağlı faktlar üzə çıxarmışam, hakim ailənin üzvlərinin ofşor biznesləri barədə gizlinləri açmışam.”

Jurnalist ona qarşı bundan sonra da daha iyrənc və daha təhlükəli addımlar atıla biləcəyini düşünür.

Öz növbəsində, hökumət rəsmiləri jurnalistin şantaj edilməsinə indiyədək münasibət bildirməyib. Yalnız, martın 9-da “Media forum” saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, dövlət səviyyəsində hər hansı bir şəxsə qarşı yönəlmiş planlı işin hazırlandığını, bunun ola biləcəyini qəbul etmirəm. “Dövlət belə işlərlə məşğul olmur...... Azərbaycanda dövlət mətbuat orqanlarına yardım edir, borclarını silir. Onların daha geniş fəaliyyət göstərməsi üçün şərait yaradır. Hər hansı bir jurnalistə dövlət səviyyəsində bir işin qurulduğunu, planlaşdırıldığını düşünmək absurddur”.

Yeri gəlmişkən, iqtidarda olan “Yeni Azərbaycan” Partiyasının orqanı “Yeni Azərbaycan” qəzeti martın 13-də Xədicə İsmayılova və Azadlıq radiosunu hədəf seçən məqalə ilə çıxış edib.

XS
SM
MD
LG