Accessibility links

Samir Kazımlı: Azərbaycan COP29-dək siyasi məhbusları azadlığa buraxmağa meylli görünmür


Samir Kazımlı-hüquq müdafiəçisi
Samir Kazımlı-hüquq müdafiəçisi

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə müsahibəsində COP29 konfransı ərəfəsində Azərbaycanda siyasi məhbus kimi tanınan insanlara münasibət və ABŞ səfəri barədə təəssüratlarından danışıb.

Amerikanın Səsi: Noyabrın 11-də Azərbaycanda COP29 konfransı işinə başlayacaq. Çoxsaylı beynəlxalq təşkilatlar bu konfransadək ölkədə “ədalətsiz ittihamlarla həbsdə olanların” azadlığa buraxılmasını tələb edir. Sizcə Azərbaycan hakimiyyəti konfransadək bu şəxslərı azadlığa buraxa bilərmi?

Samir Kazımlı: Əslində buraxmalı idi. Amma normalda göründüyü kimi vaxt az qalıb. Azərbaycan hakimiyyətinin reaksiyalarından hiss olunur ki, belə bir niyyəti yoxdur. Bu, yanlış, səhv düşüncədir. Yaxşı olardı ki, Azərbaycan hakimiyyəti COP29 qabağı insan haqları ilə bağlı durumu yaxşılaşdırardı. Siyasi məhbus kimi tanınan şəxsləri azadlığa buraxardı. Bu, COP29-a hazırlıq üçün daha yaxşı addım olardı. Amma təəssüf ki, biz bunu görmürük.

Samir Kazımlı: Azərbaycan COP29-dək siyasi məhbusları azadlığa buraxmağa meylli görünmür
please wait

No media source currently available

0:00 0:05:43 0:00

Amerikanın Səsi: COP29-da iştirak edən nümayəndə heyətləri konfransın gedişi zamanı ölkədə həbsdə olan ictimai-siyasi fəalların və jurnalistlərin azadlığa buraxılması ilə bağlı məsələləri gündəliyə gətirə bilərmi?

Samir Kazımlı: Təbii ki, biz bilmirik COP29-a kimlər gələcək. Bu COP29 başlayanda məlum olacaq. Əlbəttə ki, mən düşünürəm ki, insan haqları ilə bağlı prinsipial insanlar COP29-a gəlsə bu məsələni qaldıracaqlar. Bildiyiniz kimi, almaniyalı deputat Frank Şvabe də bu məsələni qeyd eləmişdi. Ümid edirəm ki, buna can atan olacaq. Azərbaycan hakimiyyəti Frank Şvabe kimi şəxsləri qara listə salıb. Əgər insan haqlarına dəyər verən adamlar gələcəksə, düşünürəm, bu məsələni qaldıracaq. Bir tərəfdən insan haqlarının müdafiəsi üçün yaxşı haldır. Amma digər tərəfdən, Azərbaycan höküməti üçün mənfi hal olacaq.

Amerikanın Səsi: Azərbaycanda iqlim dəyişikliyinin, ekoloji problemlərin, gözlənilməz təbiət hadisələrinin insanların həyatında yaratdığı problemləri mövcud icra strukturu və qanunvericilik müdafiə edə bilirmi? Bunu necə xarakterizə edərdiniz?

Samir Kazımlı: Siz fikir versəniz COP məsələsi Azərbaycanda məlum olunandan bəri təbii hadisələr baş verir. Sanki təbiət özü də bir mesaj verir ki, Azərbaycan hazır deyil COP29-a. Təbii ki, əvvəlki illərdə də Azərbaycan hakimiyyəti bu kimi problemlərə hazır deyil. Amma COP qabağı böyük vəsaitlər ayrıldı. Guya infrastrukturun görülməsi üçün tədbirlər görülür. Ən azı COP29 qabağı bu məslələrin öhdəsindən gəlməli idilər. Azərbaycan hakimiyyəti COP29-a hazırlığı da belə imitasiya edir. Ona ciddi yanaşmır. Təbii ki, bu, ciddi problemdir. Azərbaycan COP məsələsindən istifadə edib problemlərdə belə ciddiyyət göstərməli idi. Amma bu görünmür.

Amerikanın Səsi: Siz bu günlərdə ABŞ-da insan hüquqları institutları ilə tanış olmusunuz. ABŞ və Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində durumu necə müqayisə edərdiniz?

Samir Kazımlı: Təbii ki, çox ciddi fərqlər var. Mən Amerikada bir məhkəmə prosesini müşahidə etdim. Federal məhkəmənin Santa Fe şəhərində yerləşən məhkəmədə prosesi müşahidə etdim. Bu proses bizi çox heyrətləndirdi. Hakim məhkəmə qaydalarını, qanunları dəfələrlə pozan insana necə can yandırırdı. Onu yaxşı yola çəkmək üçün hakim nə qədər çalışırdı. Məhkəmə prosesindən sonra həmin hakimlə söhbətimiz oldu. Hakim dedi ki, onlar məhkumlarla bağlı işlərə baxan zaman daha ətraflı məlumatlar öyrənirlər. Amma təəssüf ki, Azərbaycanda belə deyil. Hakimlər maraqlı deyil. Hakimlər ancaq sifarişləri gözləyir. Bir sıra hallarda hakimlər işləri oxumur. Bu da prosesin mənfi tərəflərini üzə çıxarır. Orada hakimlə söhbət zamanı onların müstəqilliyi və onlara hansı formada təzyiqlərin olması ehtimallarından danışdım. Onlar dedi ki, hakimiyyət qollarından heç birindən asılılıqları yoxdur. Çünki hakimlər ömürlük təyin edilir, amma hakimiyyətlər gəlib-gedərdir. Ona görə onlar heç bir hakimiyyətdən təzyiq görmür. Orada yeganə yaxşı mənada təzyiq iştimai rəydir. Yəni hər hansı mətbuatda hakim haqqında yazı gedərsə, bu zaman hakim məsələ ilə bağlı çox ciddi düşünür. Öz hərkətlərini təhlil edir ki, harada səhvlər buraxıb. Görünür ki, ictimai rəy ABŞ-da çox yüksək təsiredici səviyyədədir. Təəssüf ki, Azərbaycanda tamamilə əksinədir. İctimai rəy tamamilə sıradan çıxarılıb. İctimai rəyin təsiri nəzərə alınmadığından istər qanunvericilik, istər icra hakimiyyəti, istərsə məhkəmə sistemi və digər sistemlər yaxşı işləmir. ABŞ-la Azərbaycan arasında ilk gördüyüm fərq bir tərəfdə dövlət qurumlarının, məhkəmə sisteminin ictimai rəylə hesablaşması, amma Azərbaycanda dövlət qurumlarının, məhkəmənin, parlamentin ictimai rəylə hesablaşmamasıdır.

Qeyd: Bu, Samir Kazımlının fikirləridir. Rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini və siyasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri insanların qanunvericilik qarşısında bərabər olduğunu, fundamental hüquqların tam təmin edildiyini iddia edir. Bununla yanaşı, yerli hüquq müdafiəçilərinin son hesabatına görə, hazırda 319 nəfər siyasi iddialarla həbsdədir.

Forum

XS
SM
MD
LG