Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Vəkil Nemət Kərimli bildirib ki, məhkəmədə zərərçəkənin dindirilməsi ilə bağlı vəsatət verilib, lakin vəsatət təmin olunmayıb:
"Ötən məhkəmədə zərərçəkənin dindirilməsi yarıda qalmışdı, hakim ona bir sual verməklə prosesi yekunlaşdırmaq istədi, belə də baş verdi. Nə zərərçəkənin vəkilləri, nə də digər təqsirləndirilən şəxsin özü sual verə bilmişdi. Ambulator ekspertizanın keçirilməsi ilə bağlı verdiyimiz vəsatət də təmin edilmədi".
Nemət Kərimlinin sözlərinə görə, işlə bağlı sənədləşdirmə də qanunvericiliyin tələblərinə uyğun aparılmayıb.
"Təqsirləndirilən şəxsin vəsatəti oldu ki, həmin sənədlər etibarsız hesab edilsin və cinayət işinə xitam verilsin. Həmin vəsatət də təmin edilmədi" - deyə, vəkil qeyd edib.
Jurnalist Nurlan Libre (Qəhrəmanlı) hesab edir ki, Azərbaycan dövləti jurnalistləri peşə fəaliyyətinə görə təqib edir, Teymur Kərimovun da həbsi bu təqiblərin tərkib hissəsidir:
"Teymur Kərimov artıq 11 aydır ki, həbsdədir. Onun həbsi COP29 ərəfəsində jurnalistlərə, vətəndaş cəmiyyətinə qarşı başlamış repressiya dalğasının tərkib hissəsidir. Azərbaycan dövləti BMT-nin İqlim Dəyişikliyi Sammitini bəhanə edərək, COP29 üzərindən ölkədə fəaliyyət göstərən sonuncu azad mətbuatı, vətəndaş cəmiyyətini məhv etməyə çalışır. Mən düşünmürəm ki, biz məhkəmədən hansısa ədalət gözləməliyik. Hazırda 30-dan çox jurnalist həbsdədir, hamısını eyni dövrdə həbs ediblər".
Jurnalist məhkəmədə bildirib ki, ona həbs olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") saat və tarixi qeyd olunmayan sənədlərə imza çəkdiriblər. Kərimov idarədə ona işgəncə verildiyini deyib.
Teymur Kərimov reportyor İstək Totiyeva ilə birlikdə mühakimə olunsa da, Totiyeva həbsdə deyil, məhkəmənin hökmünə qədər onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb. Jurnalist bu ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini deyib.
İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.
Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.
Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.
Lakin Azərbaycan hakimiyyəti bu tənqidlərlə razılaşmır, ölkədə heç kimin siyasi baxışlarına və iradəsinə görə həbs olunmadığını bəyan edir.
Forum