Accessibility links

Zöhrab İsmayıl: COP29-la bağlı xərcləmələrdə şəffaflıq yoxdur


Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım ictimai birliyinin sədri
Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım ictimai birliyinin sədri

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl Amerikanın Səsinə müsahibəsində Azərbaycan iqtisadiyyatının durumu və COP29 konfransına xərcləmələrdən danışıb.

Amerikanın Səsi: Azəbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qabağı ölkədə iqtisadi durumu necə qiymətləndirərdiniz?

Zöhrab İsmayıl: Azərbaycanın son illərdə əsas gəlir əldə etdiyi neft sektorunda tənəzzül yaşanır. Hər il 5-6 faiz neft hasilatı aşağı düşür. Düzdür, burada qaz hasilatında artım var. O, müəyyən qədər bu sektoru balanslaşdırır. Amma gəlir etibarı ilə neft və qazın artımı neftdən itirilmiş gəlirləri bərpa edə bilmir. Biz bunu ölkənin həyatında hiss edirik. Düzdür, hökümət qeyd edir ki, qeyri-neft sektoru artır və bizdə də ümumən iqtisadi artım nümayiş olunur. Biz əgər götürsək ciddi sektorları, sənayeni, informasiya texnologiyalarını, maşınqayırmanı, bu sektorlarda problemləri yaşanmaqda davam edir. Məsələn, deyirlər ki, qeyri-neft sahəsində artım var. Bu, əsasən yeyinti sektorunda, ərzaq sektorundadır. Bu da təbii prosesdir. Əhalinin sayı artır. Tələbat artır. Buna görə hansısa mineral suyu 20 şüşə yox, 25 şüşə istehsal edirlər. Artım bundan ibarətdir. Amma bütün bu artımlar Azərbaycanın ixracatında özünü göstərmir. Hələ də Azərbaycanın ixracatının 90 faizinin artığı neft-qaz sektorudur.

Zöhrab İsmayıl: COP29-la bağlı xərcləmələrdə şəffaflıq yoxdur
please wait

No media source currently available

0:00 0:09:08 0:00

Amerikanın Səsi: COP29-un maliyyələşdirilməsi üçün nə qədər vəsait ayrılıb? Bu vəsaitin ayrılması öhdəliyinin nə qədəri Azərbaycan hökumətinin, nə qədəri beynəlxalq qurumların üzərinə düşür?

Zöhrab İsmayıl: Mən sizə deyim ki, burada çox qarışıq bir vəziyyətdir. Burada şəffaflıq yoxdur. Düzdür burada bir sıra xərclər var ki, bunu BMT ödəyəcək. Bu, ancaq təşkilati xərclərdir. Əsas xərcləri Azərbaycan çəkəcək. Eyni zamanda, biz bu ilin əvvəlində Dünya Bankından bir açıqlama hiss elədik. Bildirdilər ki, Azərbaycan hökümətinə kömək edə bilərlər. Müxtəlif ölkələr də bunu qeyd edirlər. Müxtəlif maliyyə qurumları deyir ki, biz yardım edə bilərik. Ancaq kim nə qədər ayıracaq və hökümətin üzərinə nə qədər yük düşəcək, bu, bəlli deyil. Xüsusilə də bizi maraqlandıran Azərbaycan hökümətinin sərf elədiyi vəsaitdir. Biz görürük ki, Azərbaycan höküməti yalnız tədbirin təşkili üçün pul xərcləməyəcək. Görürsünüz də yolların yenidən təmiri və s. Bunların hamısı dolayısı ilə COP29-a çəkilən xərclərdir. Ancaq çox təəssüf ki, son illərdə Azərbaycanın dövlət büdcəsinin xərclənməsində qeyri-şəffaflıq var. Bu məlumatlar ictimaiyyətə çatmır.

Amerikanın Səsi: COP29-a ayrılan vəsaitin xərclənmələrinin şəffaflığına nəzarət mexanizmi necədir?

Zöhrab İsmayıl: Bilirsiniz, əslində Hesablama Palatası var. Bu palata bu işləri görməlidir. Ancaq Hesablama Palatası da buna fikir versə hansısa çox ciddi problemlər olarsa bunu müəyyən edə bilər. Ancaq dövlət səviyyəsində ayrılan pullara çox təəssüf ki, Hesablama Palatası qiymət verə bilmir. Məsələn, deyə bilmir ki, bu vəsaiti ayırmaq səmərəsizdir. Hesablama Palatasının belə bir səlahiyyəti, imkanı var. Ancaq siyasi imkanı yoxdur. İctimai nəzarət də çox zəifdir. Siz bilirsiniz ki, əvvəl QHT-lər bu işi həyata keçirirdi. Məsələn, Milli Büdcə Qrupu var idi. Burada həmən dövlət vəsaitlərini monitorinq edən QHT-lər birləşmişdi. QHT-lərin artıq belə bir imkanı yoxdur. Onlar 2014-cü ildən bütün imkanlarını itiriblər. Medianın da vəziyyətini bilirsiniz. Əsasən xarici media fəaliyyət göstərir. Onlar da çox qısaldılmış bir imkanlar çərçivəsində fəaliyyət göstərir. Burada əsas Milli Məclis rol oynamalıdır. Parlament üzvləri, onlarin əlində bəzi informasiyalar olur. Onların imkanı var ki, informasiya sorğuları versinlər. Onlar da təyin olunub, seçilməyib. Ona görə belə məsələlərlə ümumiyyətlə məşğul olmağı ağıllarına gətirmirlər.

Amerikanın Səsi: COP29-un Azərbaycanın maliyyə bazarına təsirləri necə olacaq? Bazarda təlatümlər yaşana bilərmi?

Zöhrab İsmayıl: Mən burada təlatümlər gözləmirəm açığı. Təbii ki, qısa bir müddət ərzində on minlərlə qonaq gələcək. Bu bir az Bakıda ictimai iaşə, restoran, hotel, taksi ximdəti, bu sektorda bir az canlandırma yaradacaq. Çünki burada çox böyük pullar xərclənəcək. Gələn insanlar bu xərcləri edəcəklər. Bundan da kimlərsə qazanacaq. Təbii ki, Azərbaycan bundan daha çox qazana bilər. Birincisi turizm üçün qazaba bilər. Ancaq görürsünüz ki, bizim hələ də quru sərhədlərimiz bağlıdır. Bu cür tədbirlərə Azərbaycan höküməti heç turizm nöqteyi-nəzərindən də baxmır. Məsələn, mən müşahidə edirəm ki, bizim turistik yerlərimizdə, tarixi abidələrimizin yerləşdiyi yerlərdə dəyişiklik yoxdur, yolların təmiri, çatımlılıq və s. belə bir yenilik yoxdur. Yəni bu prizmadan baxmırlar. Sadəcə buna müvəqqəti müəyyən dövr üçün təbliğat vasitəsi kimi baxırlar. COP29-da da hansısa, əsasən də ətraf mühit dəyişikliyi ilə bağlı maliyyə məsələləri müzakirə olunacaq. Orada bir razılaşma əldə olunarsa, bu da ikiqat fəxr mənbəyi olacaq. Bax, biz Bakıda bu məsələləri həll elədik.

Qeyd: Azərbaycan hökuməti dövlət büdcəsinin gəlir və xərclərinin şəffaf olduğunu, hökumətin parlament qarşısında hesabatlı olduğunu bildirir. Bununla yanaşı, hökumət COP29 konfransının keçirilməsi üçün ayrılan vəsaitin miqdarı barədə hələ ictimaiyyətə açıqlama verməyib.

Forum

XS
SM
MD
LG