Accessibility links

Azərbaycan və İsrail enerji sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edib


İsrailin energetika və infrastruktur naziri Eli Koen (sağda) və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov (Mənbə: Sosial şəbəkə)
İsrailin energetika və infrastruktur naziri Eli Koen (sağda) və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov (Mənbə: Sosial şəbəkə)

Oktyabrın 14-də Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və bu ölkənin energetika və infrastruktur naziri Eli Koen enerji sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edib.

Eli Koen X platformasında bildirib ki, İsrail Azərbaycanla əlaqələrini gücləndirir.

“Bu gün mən Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovla görüşdüm və enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsini müzakirə etdim. Xarici işlər naziri olarkən şiə müsəlman ölkəsinin ilk səfirliyi olan Azərbaycanın İsraildəki səfirliyinin açılışını etdim. Azərbaycanla əlaqələrimiz strateji xarakter daşıyır və mən ölkələrimiz arasında bütün səviyyələrdə münasibətlərin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək niyyətindəyəm”, o qeyd edib.

Müşahidəçilərin fikrincə, İsrail-HƏMAS münaqişəsi İsrail-Azərbaycan əlaqələrinə təsir etməyib. Hər iki ölkə əlaqələrin inkişafı üçün addımlar atmaqdadır.

Belə ki, bu il iyunun 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri İsrael Katz arasında telefon danışığı aparılıb.

Azərbaycan Xarici İşlər nazirliyinin açıqladığı məlumatda tərəflərin əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivlərini, beynəlxalq və regional məsələləri, Qəzza ətrafında yaranmış vəziyyəti müzakirə etdiyi bildirilir.

Bu ilin iyulunda isə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin baş direktoru Yakov Blitşteyn Azərbaycanda səfərdə olub. Yakov Blitşteyn iyulun 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, iyulun 25-də isə iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər keçirib.

Rəsmi məlumatlara görə, görüşlər zamanı ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar, təhsil, turizm, energetika, nəqliyyat istiqamətlərində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, həmçinin Qəzzada vəziyyət barədə geniş müzakirə aparılıb.

Beynəlxalq araşdırmalara görə, İsrail son illər Azərbaycanın silah və sursat təchizatında əsas rol oynayır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Sipri) məlumatına görə, 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 faizi İsrailin payına düşüb. Eyni dövrdə İsrailin əsas silah ixracatının 17 faizi Azərbaycana göndərilib.

İsrailin isə neft təchizatında Azərbaycan əsas rol oynayır. Azərbaycanın İsrailə neft və neft məhsulları ixrac etməsi fələstinlilərin tərəfdarları tərəfindən mənfi qarşılanır və Azərbaycan Dövlət Neft Şirkəti-SOCAR-ın Türkiyədəki ofisi qarşısında etiraz aksiyaları da keçiriblər.

Azərbaycan Dövlət Gömrük Komitəsinin ötən il yaydığı məlumata görə, İsrail Azərbaycandan ən çox neft alan ikinci ölkədir. 2023-cü ilin yanvar-oktyabr aylarında bu ölkəyə 1 milyard 320 milyon dollar dəyərində 2 milyon 155 min tona yaxın neft ixrac edilib.

Forum

XS
SM
MD
LG