İsrailin İranın bu həftə raket hücumuna cavab veriləcəyini vəd etməsi Yaxın Şərqdə İsrail və Tehranın regionda dəstəklədiyi qüvvələr arasında davam edən qarşıdurma fonunda eskalasiyanın daha da güclənəcəyi ilə bağlı narahatlıqların artmasına səbəb olub. İran bu həftə İsrailə 200-yə yaxın raket atıb. İsrail hərbi qüvvələri ABŞ-ın dəstəyi ilə onların çoxunun ələ keçirildiyini bildirib. Hadson İnstitutunun eksperti Lyuk Koffi Amerikanın Səsinə müsahibədə Yaxın Şərqdə eskalasiyanın artması ehtimalı, ABŞ-ın strategiyası və gərginliklərin daha geniş region üçün mümkün riskləri haqda danışıb.
Amerikanın Səsi: İranın İsrailə son hücumundan sonra Yaxın Şərqdə gərginlik daha da artıb. İsrail buna cavab olaraq Tehranın əməllərinə görə məsuliyyət daşıyacağı ilə bağlı xəbərdarlıq edib. Təhlilçilər hərbi əməliyyatlarda eskalasiyanın ciddi şəkildə genişlənməsi ehtimalı ilə bağlı narahatlıqlarını bildirir. Bu hadisələr fonunda regionda mövcud risklər barədə nə söyləyə bilərsiniz?
Lyuk Koffi: Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. İranın son hücumuna bir neçə ay əvvəl gördüyümüz kimi münasibət göstəriləcəyinə inanmıram. Fikrimcə, israillilər artıq gizli kanallar və qeyri-rəsmi bəyanatlar vasitəsilə İsrail tərəfindən reaksiyanın olacağını aydın ediblər. Buna görə də bunun baş verəcəyini ehtimal etməliyik. Amma sual ondan ibarətdir ki, onlar bunu necə edəcəklər? Onlar hava zərbələri endirəcəkmi? İrandakı nüvə istehsalı obyektlərini hədəf alacaqmı? Onların neft emalı zavodlarını hədəfə alacaqlar, yoxsa daha asimmetrik yol seçib nüvə alimlərini və ya İnqilab Keşikçiləri rəhbərliyini hədəf alacaqlarmı? Heç kim bunun dəqiq nə olacağını bilmir, amma cavabın olacağına demək olar ki, əmin olmaq olar.
Amerikanın Səsi: Sizin fikrinizcə, İsrailin cavabını qaçılmazdırmı?
Lyuk Koffi: Mən bunun qaçılmaz olub-olmadığını bilmirəm, amma bunun yəqin olduğunu deyə bilərəm. Bunun növbəti 24, 48 saat ərzində baş verib-verməyəcəyini bilmirəm. Amma inanıram ki, İranın etdiklərinə müəyyən reaksiya, müəyyən cavab olacaq.
Amerikanın Səsi: Prezident Co Bayden onun göstərişi ilə ABŞ hərbi qüvvələrinin İsrailin müdafiəsini fəal şəkildə dəstəklədiyini bildirib. O, hücumun İsrail və ABŞ-ın hərbi imkanları və intensiv planlaşdırmasına sübut olduğunu deyib və ABŞ-ın İsrailə tam dəstəyini bir daha təkrarlayıb. ABŞ bu mərhələdə hansı variantları nəzərdən keçirir?
Lyuk Koffi: Prezident Bayden haqlıdır ki, İranın hücumu zamanı gördüyümüz hava hücumundan müdafiə vasitələri olduqca təsirli idi. Lakin İranın hücumu həmçinin hava hücumundan müdafiənin məhdudluğunu göstərdi. Bir anda bu qədər raket atsanız, onların bəzisinin keçə bilməsi qaçılmazdır. İranın İsrailə hücumu zamanı məhz belə oldu. İndi xoşbəxtlikdən itkilərin çox az olduğu görünür. Bildiyim kimi, bir nəfər faciəvi şəkildə həlak olub, bir neçə nəfər yaralanıb. Lakin növbəti dəfə hər şey fərqli ola bilər.
Mən düşünmürəm ki, prezident Bayden İsrailin ciddi şəkildə reaksiya və ya cavab verməsini istəyir. Hesab edirəm ki, ABŞ İsrailin müdafiəsini dəstəkləməyə davam edəcək. Düşünürəm ki, ABŞ-ın hava hücumundan müdafiə sistemləri və ABŞ-ın döyüş təyyarələri İrandan gələn raketlərin vurulmasına kömək edəcək. Lakin məndə Ağ Evin İsrailin İrana hərbi zərbə ilə cavab verməsini istəməsi kimi təəssürat yoxdur. Biz hazırda prezident seçkilərinə yaxınlaşırıq və əgər israillilər İranı neft emalı imkanlarından, neft ixrac etmək imkanlarından məhrum etsələr, bu, qlobal bazarlara təsir göstərəcək və ABŞ-da yanacağın qiymətinin artmasına gətirib çıxaracaq. Mən məsələn, düşünmürəm ki, Ağ Ev seçkidən əvvəl bunu istəyə bilər.
Amerikanın Səsi: Tehranın hesablamaları barədə nə söyləyə bilərsiniz? Prezident Bayden və milli təhlükəsizlik müşaviri Ceyk Sullivan hücumun dəf edildiyini və təsirsiz olduğunu bildiriblər. Raketlərin çoxu ələ keçirilib. Sizcə, Tehranın hazırkı mərhələdə hesablamaları nədən ibarətdir?
Lyuk Koffi: Hücumun uğursuz olması onun daha az narahatedici və ya dəhşətli olmadığı demək deyil. Təbii ki, iranlılar İsrail hədəflərini vurmaq istəyirdilər. Onlar hava limanlarını dağıtmaq istəyirdilər. Onlar Mossadın qərargahını vurmaq istəyirdilər. Onlar İsrailin enerji infrastrukturunu hədəfə almaq istəyirdilər. Onların niyyəti bu idi. Onların müvəffəq olmaması İsrailin obyektlərinə hücum etmək və İsrailin hava limanlarını dağıtmağa çalışdıqları faktının əhəmiyyətini azaltmır. Ona görə də İsrailin və ya İranın hərəkətlərinin əhəmiyyətini azaltmağa çalışarkən deyilənlər məni o qədər də maraqlandırmır. Hesab edirəm ki, bu, çox ciddi məsələdir. İranlılar istədiklərinə nail ola bilsəydilər, daha çox uğur əldə edə bilərdilər. Amma xoşbəxtlikdən ABŞ, İsrail, Britaniya və bəlkə də regionda səudiyyəlilər, iordaniyalılar kimi bizim bilmədiyimiz və heç vaxt biləməyəcəyimiz başqaları kimi bu ölkələr tərəfindən tədbirlər nəticəsində hücum uğurlu alınmadı.
Amerikanın Səsi: Yaxın Şərqdə baş verən bu hadisələrin bütövlükdə region üçün potensial təsiri, Türkiyə və İranın qonşusu olan Azərbaycan kimi ölkələrə hansı təsiri ola bilər?
Amerikanın Səsi: Lyuk Koffi: Bu, çox ciddi məsələdir. Vəziyyətin necə inkişaf etməsindən asılı olaraq, İran daxilindəki qeyri-sabitliyin region ölkələrinə sıçraması və onlara təsir etməsi ehtimalı ola bilər. Məsələn, mən azərbaycanlı olsaydım, İranla cənub sərhədində baş verənlərə çox diqqətlə yanaşardım. İsrailin reaksiyasının necə olacağını bilmirik. Bu reaksiyanın nəticələrinin nə olacağını və necə inkişaf edəcəyini bilmirik. Təbii ki, Azərbaycanla İsrail arasında çox sıx əlaqələr, hərbi əməkdaşlıq, münasibətlər var. Bu isə iranlıların xoşuna gəlmir. Ona görə də mən hazırda Bakıda olsaydım, ayıqlıq göstərərdim.
Forum