Accessibility links

İsrailin Azərbaycanda və Gürcüstanda hərbçilərinin qalmasını qadağan etdiyi bildirilir


İsrail bayrağı
İsrail bayrağı

İsrail Ordusu İrandan gələn zərbə təhlükəsi fonunda öz hərbçilərinə Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib.

Bu barədə "The Times of Israel" və Rusiyanın TASS agentliyi İsrailin Kan rəsmi dövlət televiziya və radio şirkətinə istinadən xəbər yayıblar.

Xəbərə görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında aktiv hərbi xidmətdə olmayan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar.

Kan qeyd edir ki, Gürcüstan və Azərbaycan İranla qonşuluqda yerləşir, bu ölkələrdə İran vətəndaşları yaşayır və Azərbaycanın İranla ümumi sərhədi var.

Azərbaycan Xarici İşlər Nazirliyi və İsrailin Azərbaycandakı səfirliyi bu xəbərlə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

İsrail ordusunun yaydığı məlumat avqustun 9-da Britaniyanın The Telegraph qəzetində İranın Kürdistandakı və Azərbaycandakı İsrail obyektlərinə zərbə endirməsi mümkünlüyü haqqında xəbərin yayılmasından sonraya təsadüf edir.

Bu nəşrdə prezident Pezeşkianın köməkçilərindən birinin Kürdistan və Azərbaycanın liderlərinə əvvəlcədən xəbərdarlıq edərək, İsrailin bu ölkələrdəki obyektlərinə şərti zərbə endirmək İsrailin özünə qarşı böyük müharibəyə başlamaqdan daha yaxşı olduğu haqqında sözlərindən sitat gətirilib.

Öz növbəsində, Azərbaycanın Medianın İnkişafı Agentliyi son dövrlər bəzi ölkələrin media resurslarının Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatları ilə bağlı açıqlama yayıb.

"Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında “Iran International” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirmiş, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yaymışdır," deyə agentlik Azərbaycan ərazisində hansısa xarici dövlətin hərbi kontingentinin mövcudluğu ilə bağlı "informasiya manipulyasiyalarını" ciddi şəkildə qınadığını bildirib.

Agentılik həmçinin bu qəbildən olan məlumatların yerli media orqanları tərəfindən tirajlanmasını "yolverilməz" hesab edib.

İran və İsrail arasında gərginliklər HAMAS lideri İsmayıl Haniyənin 31 iyulda Tehranda öldürülməsindən sonra artıb. İran rəhbərliyi Haniyənin öldürülməsində İsraili günahlandırır, İsrail isə hadisəni şərh etməyib.

Forum

XS
SM
MD
LG