Accessibility links

Makronun Ermənistanın silahlandırılması ilə bağlı fikirləri Bakının etirazına səbəb olub


Fransa prezidenti Emmanuel Makron mətbuat konfransında jurnalistlərin suallarını cavablandırır
Fransa prezidenti Emmanuel Makron mətbuat konfransında jurnalistlərin suallarını cavablandırır

Fransa prezidenti Emmanuel Makronun Ermənistanın silah və sursatla təmin edilməsinin normal olduğunu deməsi rəsmi Bakının etirazına səbəb olub. Bakı Fransanı regionda gərginlik yaratmaqda və sülh prosesinə mane olmaqda günahlandırıb.

İyulun 18-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında Makron müttəfiqlərin və tərəfdaşların özünümüdafiə üçün silah və sursatla təmin edilməsinin normal olduğunu qeyd edib.

“Başqa bir dövlətin təcavüzü ilə üzləşə biləcəyini hiss edərək silahlanmaq istəyən suveren ölkənin tələbinə cavab vermək normaldır. Və mən heç vaxt baş nazir Paşinyandan onun müharibə və ya təcavüz planının olduğunu eşitməmişəm”, Makron bildirib və əlavə edib ki, Azərbaycan son onillikdə Ermənistandan qat-qat daha yaxşı silahlanıb və 2020-ci ildə “dəhşətli” müharibəyə başlayıb.

Fransa Prezidenti həmçinin iki ölkə arasında sülh danışıqları və sərhədlərin delimitasiyası prosesinə toxunaraq Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün Almatı bəyannaməsi çərçivəsində qarşılıqlı şəkildə tanınmasına dair razılığı ilk dəfə Praqada Avropa Siyasi Birliyinin ilk sammitində əldə etdiklərini xatırladıb.

“Ermənistanın perspektivi sülhdür, Fransanın perspektivi sülhdür və mən ümid edirəm ki, Azərbaycanın da perspektivi sülhdür. Əgər iki ölkə sülh müqaviləsini yekunlaşdırsa, biz belə bir müqaviləni dəstəkləyəcəyik”, Makron əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Fransa Prezidentinin “Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən” fikirlərinin Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsi olduğunu deyib.

“Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi”, Hacızadə vurğulayıb və Fransanın Ermənistanı sülhsevər ölkə kimi təqdim etməsini ədalətsiz adlandırıb.

“Münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub”, bəyanatda qeyd edilir.

Azərbaycan-Fransa münasibətləri İkinci Qarabağ müharibəsindən sonra tədricən pisləşməyə başlayıb. 2022-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında sərhəddə qanlı toqquşmalardan, daha sonra Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi və yerli erməni əhalinin bölgəni tərk etməsi nəticələnən hərbi əməliyyatından sonra Fransanın Ermənistana açıq siyasi və hərbi dəstəyi artırması ilə daha da gərginləşib.

Rəsmi Paris Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda və Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə, Bakı isə Fransanı Azərbaycanda separatçılığa dəstək verməkdə və Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda günahlandırıb.

Ən son iyunun 18-də Fransanın Ermənistana “CAESAR” özüyeriyən haubitsalarının verilməsi ilə bağlı müqavilə imzalaması rəsmi Bakının ciddi etirazına səbəb olub.

Öz növbəsində, Ermənistan Fransa ilə hərbi əməkdaşlığın dərinləşdirilməsinin ölkənin suveren hüququ olduğunu vurğulayır.

İkinci Qarabağ müharibəsindən sonra Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Ermənistan diplomatik və hərbi səylərini tədricən Qərbə yönəldib.

Yerevan bu ilin fevralında Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü “dondurduğunu” açıqlayıb.

İyun ayının 12-də Ermənistanın baş naziri Nikol Paşinyan KTMT ölkələrini 44 günlük müharibədə Azərbaycana kömək etməkdə ittiham edərək təşkilatı tərk edəcəklərini deyib.

Forum

XS
SM
MD
LG