İyulun 11-də ABŞ-ın Azərbaycandakı səfirliyində vəkil Bəhruz Bayramov və Cavad Cavadov ilə Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin direktor müavini Jason Micinerney, həmçinin Dövlət Departamentinin Siyasət Departamentinin rəsmisi Sonia Fernandes və ABŞ səfirliyinin yeni siyasi məsələlər üzrə müşaviri Diana Braunun görüşü olub.
Görüşdə Azərbaycanda dini etiqad azadlığı məsələləri və dindarların həbsi diqqət mərkəzində olub.
Vəkil Cavad Cavadov Amerikanın Səsinə deyib ki, görüş bir saatdan çox davam edib.
“Dövlət Departamentinin rəsmiləri Azərbaycanda dindarların həbsi, xüsusən dindarların kütləvi şəkildə narkotik ittihamı və bəzilərinin dövlətə xəyanət ittihamı ilə həbsi ilə bağlı suallar verdilər. Ümumilikdə ölkədə dini etiqad azadlığının mövcud vəziyyəti, 2015-ci ildən başlayaraq qanunvericiliyə dini etiqad azadlığı ilə bağlı məhdudlaşdrıcı müddəaların əlavə edilməsi ətrafında fikir mübadiləsi aparıldı”, Cavadov Amerikanın Səsinə deyib.
ABŞ Dövlət Departamentinin 2023-cü ilin yekunları ilə bağlı yaydığı “Dini Azadlığın Təyinatları” hesabatında Azərbaycanı dini azadlıqları ağır şəkildə pozan və yaxud buna dözümlü yanaşmayan ölkə kimi xüsusi nəzarət siyahısına salıb.
ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) ötən il dekabrın 5-də yaydığı hesabatda isə Azərbaycanda dini etiqad azadlığının vəziyyəti ilə bağlı narahatlığını bildirib, hökumətin bu sahədəki qanunvericiliyə Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun şəkildə dəyişiklər etməyə maraq göstərməyidiyini vurğulayıb.
USCIRF həmçinin dini fəallara qarşı repressiyalar ilə bağlı narahatlıq ifadə edib.
Digər tərəfdən, yerli insan hüquqları təşkilatları Azərbaycanda dini fəallara qarşı hüquq pozuntularının baş verdiyini bildirir. Azərbaycanda siyasi məhbuslarla bağlı siyahıda 183 dini fəalın adı yer alır.
Azərbaycan hökuməti ABŞ Dövlət Departmanetinin bu təsnifatına hələlik rəsmi münasibət bildirməsə də, rəsmi Bakı bir qayda olaraq Azərbaycanda insan hüquqlarının, o cümlədən dini etiqad azadlığının qorunduğunu bildirir.
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 5-də Azərbaycanın pravoslav xristian icmasına Milad bayramı münasibətilə müraciətində Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşadıqlarını qeyd edib, birgə yaşayış mühitinin qorunub saxlanılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
Forum