Accessibility links

Rəsmi Bakı Dövlət Departamentinin Azərbaycanı etiqad azadlığı üzrə xüsusi izləmə siyahısına daxil etməsini pisləyən bəyanat yayıb


ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabat və ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanın xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi barədə bəyanat yayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) hesabatını, eləcə də ABŞ Dövlət Departamentinin bəyanatını "qəti surətdə pisləyib".

“Əminliklə bildiririk ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyildir”, sənəddə qeyd edilir.

Komitə bildirir ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən təqdim edilən “nöqsanlar” ölkədəki gerçəkliyi əks etdirmir, reallıqla daban-dabana ziddiyyət təşkil edir.

“BDAK-nın məlum hesabatlarında bir çox məqamların araşdırılmadığı, qeyri-müstəqil və ənənəvi olaraq ermənipərəst mərkəzli məlumatlar yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu, hesabatların obyektivliyinə ciddi xələl gətirir, ümumiyyətlə, onların hazırlanmasında ifadə edilən məqsəd və məramlara qətiyyən uyğun gəlmir”, bəyanatda qeyd edilir.

Dövlət Komitəsi bildirir ki, komissiyanın hesabatında Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin oktyabrında başa çatan Qarabağdakı missiyası tərəfindən “mədəni və ya dini strukturların heç bir ziyan görmədiyi” məlumatı bildirilsə də, hansısa naməlum insan hüquqları təşkilatlarının iddiaları əsas gətirilməklə ali beynəlxalq təşkilatın hesabatına belə skeptik yanaşılması təəccüb doğurur. O cümlədən, Dövlət Departamentinin bəyanatında da bu məsələyə toxunulmayıb.

“Azərbaycanda dini sahədə, insanların dini etiqad azadlığının təmin edilməsində hər il mütərəqqi yeniliklər baş verir. Qanunvericilik bazası mütəmadi təkmilləşdirilir, islahat aparılır və dini icmaların fəaliyyətinə dəstək verilir. Hər il cənab Prezident İlham Əliyev tərəfindən rəsmi qaydada ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır ki, bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən qeyri-müsəlman icmalarına şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni abidələr bərpa olunur, yeni ibadət ocaqları inşa edilir”.

Sənəddə həmçinin qeyd edilir ki, dölət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdəki dini abidələr xüsusi nəzarətə götürülüb.

“İstisnasız olaraq, həmin ərazilərdə yerləşən dini ibadət ocaqlarının bərpası üçün göstəriş verilib. Artıq Şuşada dağıdılmış bəzi məscidlər, kilsələr bərpa edilib”.

Bəyanatda müxtəlif dini icmalara məxsus ibadət yerlərinin tikintisi və bərpa edilməsindən də danışılr.

“Beləliklə, Komissiya və Dövlət Departamentinin müsəlman abidələrinə qarşı edilmiş vandalizmi görməzdən gələrək Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək cəhdi yolverilməzdir. Sözsüz ki, bu, ABŞ-Azərbaycan münasibətlərinə də xələl gətirir”, sənəddə qeyd edilir.

Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin yanvarın 4-də yaydığı bəyanatda Azərbaycanın din azadlığının pozulmasına görə “Xüsusi nəzarət siyahısı”na əlavə edildiyi qeyd edilib.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) da ötən il dekabrın 5-də yaydığı hesabatda Azərbaycanda dini etiqad azadlığının vəziyyəti ilə bağlı narahatlığını bildirib, hökumətin bu sahədəki qanunvericiliyə Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun şəkildə dəyişiklər etməkdə maraq göstərmədiyini vurğulayıb.

USCIRF həmçinin dini fəallara qarşı repressiyalar və Qarabağda dini məbədlərin qorunması ilə bağlı narahatlıq ifadə edib.

Xatırladaq ki, yerli insan hüquqları təşkilatları Azərbaycanda dini fəallara qarşı hüquq pozuntularının baş verdiyini bildirir. Azərbaycanda siyasi məhbuslarla bağlı siyahıda 183 dini fəalın adı yer alıb.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 5-də Azərbaycanın pravoslav xristian icmasına Milad bayramı münasibətilə müraciətində Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşadıqlarını qeyd edib, birgə yaşayış mühitinin qorunub saxlanılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Forum

XS
SM
MD
LG