Accessibility links

Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını elan edib


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün fevralın 1-də Azərbaycanla bağlı növbəti qərarını elan edib. Məhkəmə “Babayev Azərbaycana qarşı” işində Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) bir neçə maddəsinin pozulduğunu aşkarlayıb.

Ərizə Masallı rayon sakini, İranda təhsil almış ilahiyyatçı Sərdar Babayevin 2017-ci ildə Masallı məscidində qanunsuz dini təbliğat və dini ayın icra etmə ittihamı ilə məhkəməyəqədər həbs olunması və sonradan cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.

Azərbaycan Cinayət Məcəlləsinin 168-1-ci maddəsi (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) üzrə ittiham edilən Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsinə şikayətində Sərdar Babayev Konvensiyanın 3-cü (qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası), 9-cu (fikir, vicdan və din azadlığı), 10-cu (ifadə azadlığı), 11-ci (toplaşma və birləşmək azadlığı) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin pozulmasına dair iddia irəli sürüb.

Məhkəmə bu gün elan etdiyi qərarında ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (pis rəftar), 5.3-cü (məhkəməyə qədər əsassız həbs) və 9-cü maddələrinin (etiqad azadlığına müdaxilə) pozulduğunu qeyd edib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər və xərclərə görə ümumilikdə 8500 avro təzminat ödəməlidir.


İlahiyyatçı Sərdar Babayev 2021-ci ilin oktyabrında dövlətə xəyanət ittihamı ilə yenidən həbs edilib. Ötən il sentyabrın 28-i Bakı Ağır Cinayətlər Məhkəməsi Babayevi Cinayət Məcəlləsinin 274-cü (casusluq formasında dövlətə xəyanət) maddəsilə təqsirli bilərək cəzasını ciddi rejimli koloniyada çəkməklə 17 il azadlıqdan məhrum edib.

Sərdar Babayev ittihamları absurd hesab etdiyi üçün məhkəmədə ifadə verməkdən imtina edib.

Ötən il sentyabrın 21-də AİHM Babayevin bu cinayət işi üzrə həbsilə bağlı şikayətini təmin edib və onun məhkəməyəqədər həbsinin əsassız olduğuna qərar verib. Həmin qərarda hökumət 5 min avro cərimələnmişdi.

Forum

XS
SM
MD
LG