Accessibility links

Ellada Məmmədli: ADR buraxılmayıb, partiya kimi dövlət qeydiyyatından keçməyə hazırlaşır


Ellada Məmmədli (Mənbə: Sosial şəbəkə)
Ellada Məmmədli (Mənbə: Sosial şəbəkə)

Son günlər ictimai fikirdə, sosial şəbəkələrdə doqquz ay həbsdən sonra barəsində ev dustaqlığı imkan tədbiri seçilən iqtisad elmləri doktoru Qubad İbadoğlunun ADR Partiyasının liderliyindən istefa verməsi, ADR Partiyasının buraxılması barədə məlumatlar müzakirə mövzusudur. ADR Hərəkatı bildirir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

ADP Hərəkatının sədr müavini Ellada Məmmədli Amerikanın Səsinə deyib ki, Azərbaycanın yeni “Siyasi Partiyalar haqqında” qanununun tələblərinə görə dövlət qeydiyyatı olmayan siyasi partiya fəaliyyət göstərə bilməz.

“Bu qanunun tələblərinə uyğun olaraq hazırda ADR Hərəkatının bazasında siyasi partiya kimi qeydiyyatdan keçmək üçün sənədlərin toplanılması ilə məşğuluq. Səndədlərin toplanılması başa çatandan sonra siyasi partiya kimi qeydiyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik”, o qeyd edib.

Ellada Məmmədli: ADR buraxılmayıb, partiya kimi dövlət qeydiyyatından keçməyə hazırlaşır
please wait

No media source currently available

0:00 0:08:11 0:00

Ellada Məmmədli “Siyasi Partiyalar haqqında” yeni qanun qəbul edilənədək siyasi partiya kimi fəaliyyət göstərən ADR Partiyasının sədr müavini olub.

Bu arada Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Facebook səhifəsində yazıb ki, mayın 14-də ADR İdarə Heyətinin toplantısı keçirilib.

“Toplantıda “Siyasi Partiyalar haqqında” Qanunun tələblərinin nəzərə alınması barədə qərar qəbul edilib. Sözügedən qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Xatırladaq ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü ildə partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalayıb və məsuliyyəti öz üzərində saxlayıb”, o qeyd edib.

Qalib Toğrul Amerikanın Səsinə bildirib ki, İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar verib.

“Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib”.

Qalib Toğrulun sözlərinə görə, hazırda Qubad İbadoğlunun xəstəliyi ona medianın suallarına cavab vermək imkanı vermir.

“Qubad İbadoğlunun siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verməsi barədə dediklərimin ona məxsus olması kimi qəbul edilməlidir”, o Amerikanın Səsinə deyib.

Ellada Məmmədli də təsdiq edib ki, 14 may 2024-cü ildə ADR İdarə Heyətinin toplantısı keçirilib.

“Toplantıda İdarə Heyəti üzvləri tərəfindən ev məhbusu, təşkilatın sədri, professor Qubad İbadoğlunun sağlamlıq durumunda yaranmış ciddi problemlərdən və hərəkətinə tətbiq olunan məhdudiyyətlərdən dərin narahatlıq ifadə olunub. Eyni zamanda ADR Partiyasının fəaliyyətinin “Siyasi Partiyalar haqqında” Qanunun tələbinə uyğunlaşdırılmasına dair qərar qəbul edilib”.

Xatırladaq ki, 2021-ci ilin 17 okyabrında bu qurumun qurultayı ADR Partiyasını təsis edib.

“O zamandan başlayaraq bizim partiyanı Ədliyyə Nazirliyi dövlət qeydiyyatına almayıb. Siyasi partiya dəfələrlə məhkəmələrə müraciət etməsinə, aksiyalar keçirməsinə baxmayaraq partiyanın dövlət qeydiyyatına alınmasına nail ola bilməyib. “Siyasi Partiyalar haqqında” yeni qanun qüvvəyə mindikdən sonra Ədliyyə Nazirliyi partiyaya müraciət etdi ki, yeni qanunun tələblərinə uyğun sənədləri toplayıb təqdim edək. Biz yeni qanunun tələblərinə uyğun olaraq sənədlərin hazırlanmasına başlamışdıq ki, Qubad bəy xaricdən ölkəyə gəldi və o həbs edildi. 11 yanvar 2023-cü ildə Prezident “Siyasi Partiyalar haqqında” qanunu imzaladı. Bundan sonra Qubad bəy partiyanın seçkili orqanlarının buraxılması barədə sərəncam imzaladı. Məsələ belə durumda qaldı. Bizim əsas fəaliyyətimiz Qubad bəyin hüquqlarının müdafiəsinə yönəldi”.

Məmmədli deyib ki, mayın 14-də Qubad İbadoğlunun yanında İdarə Heyətinin iclasında partiaynın yenidən qurulması barədə qərar qəbul edilib.

“İclasda qərara aldıq ki, Qubad bəyin səhhəti hər şeydən vacibdir. Çünki səhhətində çox ciddi problemlər var. Hansı ki, onun ayağına elektron qolbağ bərkidilib. Bu isə onun MRT-dən keçməsinə və digər problemlərinin çözülməsinə imkan vermir. İndi Qubad bəy çoxsaylı dərmanlar qəbul edir. Amma dərmanlar çözüm deyil. Qubad bəyin səhhətindəki problemlər onun cərrahi əməliyyata məruz qalmasını zəruri edir. Bu səbəbdən qərara aldıq ki, Qubad bəy öz səhhəti ilə məşğul olsun. Bunun üçün ona zaman tanıdıq. Eyni zamanda biz həmin dövrdə partiya quruculuğumuzu mövcud qanunvericiliyə uyğun qurmağı qərara aldıq”, o qeyd edib.

Məmmədli sosial şəbəkələrdə ADR Partiyasının buraxılması barədə yayılan məlumatlara da münasibət bildirib.

“Bunlar yalandır. Partiyanı buraxmaq heç kimin səlahiyyətində deyil. Çünki partiyanı qurultay təsis edib və yalnız qurultay da buraxa bilər”, o qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG