Accessibility links

Məhkəmə Qubad İbadoğlunun ayağına bağlanan elektron qolbağın açılması barədə vəsatəti təmin etməyib


Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra (22 aprel 2024-cü il)
Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra (22 aprel 2024-cü il)

Mayın 7-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu ayağına onun hərəkətlərinə məsafədən nəzarət etməyə imkan verən elektron qolbağın açılması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

“Biz tələb edirdik ki, qolbaq açılsın. Qolbağa ehtiyac yoxdur. Bunu onunla əsaslandırdıq ki, biz müəyyən KT və MRT müayinələrindən keçməliyik. Eyni zamanda Qubad bəy şəkər xəstəsi olduğundan orada o sürtünmə yaradıb yara edə bilər. Ona görə də biz belə iddia vermişik”, o qeyd edib.

Qubad İbadoğlunun ayağına elektron qolbaq taxılıb (Foto :Qalib Toğrula məxsusdur)
Qubad İbadoğlunun ayağına elektron qolbaq taxılıb (Foto :Qalib Toğrula məxsusdur)

Qalib Toğrulun sözlərinə görə, məhkəmə vəsasəti təmin etməyib.

“Biz bununla razı deyilik və qərardan apellyasiya şikayəti verəcəyik”, Qubad İbadoğlunun qardaşı əlavə edib.

Onun sözlərinə görə, iqtisadçı professorun səhhətində problemlər qalır və qolbaq müəyyən müayinələrin edilməsində çətinliklər yaradır.

“Qubad bəyin döş qəfəsini KT və bel nahiyyəsini MRT eləmək lazımdır. Hal hazırda bununla bağlı çətinlik yaşayırıq”, o əlavə edib.

Mayın 4-də Sumqayıtda polis əməkdaşları məhkəmənin qərarını icra edərək ötən ay ev dustaqlığına buraxılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlunun ayağına onun hərəkətlərinə məsafədən nəzarət etməyə imkan verən elektron qolbaq bağlayıblar.

İbadoğlunun qanuni təmsilçiləri deyirlər ki, Azərbaycanda elektron nəzarət hətta məhkəmə qərarı ilə də nisbətən az hallarda tətbiq olunur.

Onun qardaşı Qalib Toğrul məsələ ilə bağlı bunları deyib:

"Gördüyünüz kimi, qardaşıma xüsusi münasibət göstərilir. Polis Qubadoğlunun istintaq təcridxanasında 9 ay saxlandığı zaman zədələnmiş ayağını bu cür "müalicə" edir".

Bu açıqlamaya Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Aprelin 22-də isə məhkəmə həbs qətimkan tədbirni ev dutsqlığı tədbiri ilə əvəz edib.

Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG