Accessibility links

ABŞ səfirliyi Azərbaycan Prezidentinin Amerikanın tənqidi ilə bağlı dediklərinə münasibət bildirib


ABŞ-ın Azərbaycandakı səfirliyi (Mənbə: ABŞ səfirliyi)
ABŞ-ın Azərbaycandakı səfirliyi (Mənbə: ABŞ səfirliyi)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərinə ilk köçən sakinlərlə görüşündə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, həmçinin ABŞ-ın fəaliyyətini tənqid edib. ABŞ-ın Azərbaycandakı səfirliyi isə Amerikanın Səsinin sorğusunun cavabında dövlət başçısının dediklərinə münasibət bildirib.

Prezident Əliyev deyib ki, Azərbaycan heç vaxt müharibə istəməyib, bu gün də istəmir.

“Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”, dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyevin Şuşa şəhərinə köçən sakinlərlə görüşü (Mənbə: Prezident Administrasiyası)
Prezident İlham Əliyevin Şuşa şəhərinə köçən sakinlərlə görüşü (Mənbə: Prezident Administrasiyası)

Prezident Əliyev bu günlərdə ABŞ səfirinin Şuşa şəhərinə səfər etməsinə işarə edərək deyib: “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”.

Azərbaycan Prezidenti daha sonra əlavə edib: “Bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.

ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevin ABŞ-la bağlı dedikləri barədə Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, Azərbaycan və Ermənistan hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi istiqamətində mühüm irəliləyiş əldə ediblər.

“Biz onları keçmiş danışıqlara əsaslanaraq, bu dinamikanı saxlamağa və saziş bağlamağa təşviq edirik. Biz hər iki ölkənin rəhbərliyini cəlb etməyə davam edirik və hamının hüquqlarına hörmət edildiyi ləyaqətli və davamlı sülhün əldə olunmasına yardım etməyi təklif edirik. Ermənistan və Azərbaycanın bütün regionun xeyrinə olan məsələləri birbaşa müzakirə edib həll etməsi vacibdir”, ABŞ-ın Azərbaycandakı səfiriliyinin cavabında deyilir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG