Accessibility links

Rusiya və Ermənistan liderləri regional təhlükəsizlik məsələlərini müzakirə edib


Vladimir Putin və Nikol Paşinyan (Mənbə: Rusiya Prezidentinin rəsmi internet saytı)
Vladimir Putin və Nikol Paşinyan (Mənbə: Rusiya Prezidentinin rəsmi internet saytı)

Mayın 8-də Kremldə Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyanl arasında görüş keçirilib.

Putinlə Paşinyan arasında görüş Kremldə Ermənistanın baş nazirinin iştirak etdiyi Avrasiya İqtisadi Birliyinin yubiley sammitindən sonra baş tutub.

Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələri və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Rusiya Prezidentinin rəsmi internet saytının yaydığı məlumata görə, Putin 2015-ci ildən bəri Ermənistanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə ticarət dövriyyəsinin 14 dəfə artdığını bildirib.

“İkitərəfli münasibətlərə gəlincə, onlar da çox uğurla inkişaf edir. Biz həmişə, ilk növbədə, iqtisadi əməkdaşlığa diqqət yetiririk. Son bir ildə ticarət dövriyyəsinin artımı çox mühüm məbləğ təşkil edib və bu, əsasən idxal və ixracın artması ilə bağlıdır. Ticarət dövriyyəsi 7 milyard dolları ötüb. Ticarət-iqtisadi əlaqələrimizdə əvvəllər belə həcm olmayıb”, Putin qeyd edib.

Rusiya Prezidenti bildirib ki, görüşün gündəliyində regionda təhlükəsizliklə bağlı suallar da var.

“İndi biz bu barədə açıq şəkildə danışmayacağıq, lakin Avrasiya Birliyinin işinin “kənarında”, əlbəttə ki, münasibətlərimizin bütün kompleksi haqqında, o cümlədən regional təhlükəsizlik məsələlərinə toxunmaq imkanı var”, o qeyd edib.

Ermənistan Baş naziri Rusiya Prezidenti ilə sonuncu dəfə keçən ilin dekabrında görüşdüklərini yada salıb.

“O vaxtdan bəri əlbəttə ki, müzakirə edilməli olan suallar yığılıb. Təbii ki, biz Avrasiya İqtisadi Birliyinin iclasında artıq iqtisadi bloku müzakirə etmişik. İndi də ümid edirəm və əminəm ki, biz ikitərəfli münasibətlərin mühüm məsələlərini, regional məsələləri müzakirə edəcəyik”, o qeyd edib.

Ermənistan Baş Nazirinin Mətbuat xidməti də eyni məzmunlu məlumat yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iki ölkə liderinin danışıqlarında problemli mövzular var, amma bunu şişirtməyə ehtiyac yoxdur.

“Söhbətin mürəkkəbliyini şişirtməyə ehtiyac yoxdur. Sözsüz, ikitərəfli münasibətlərimizdə müəyyən problemli mövzular var, lakin digər tərəfdən, iki ölkə arasında qarşılıqlı əlaqə nə qədər sıx olarsa, ikitərəfli münasibətlərin kompleksi nə qədər geniş olarsa, bir o qədər müxtəlif problemlər yaranır və qarşımıza çıxır”, Peskov qeyd edib.

Peskov qeyd edib ki, Rusiya-Ermənistan münasibətlərində yaranan problemlərin həlli perspektivləri ilə bağlı Moskva nikbin olmağa meyllidir.

“Biz görürük ki, iki liderin bunu müzakirə etmək üçün siyasi iradəsi var, biz nəticələri gözləyəcəyik, dialoq var, bu dialoqu davam etdirmək üçün siyasi iradə var”, mətbuat katibi bildirib.

Onun sözlərinə görə, iki tərəf arasında qarşılıqlı maraq var və ikitərəfli münasibətlər üçün potensial var.

"Buna görə də, bu halda biz daha optimist olmağa meylliyik", Peskov vurğulayıb.

Xatırladaq ki, son dövrlərdə Ermənistan-Rusiya münasibətləri qarşılıqlı tənqidlərlə müşayiət olunur. Ermənistan tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və MDB-nin iclaslarında ya yüksək səviyyəli rəsmilərlə təmsil olunmur, ya da toplantılara ümumiyyətlə qatılmır. Ermənistan hökumətinə yaxın mənbələr Qarabağdakı Rusiya sülhməramlılarının onların mənafeyini qorumadığı fikrini önə çəkir. Həmçinin Ermənistan rəsmiləri bu ölkənin ərazi bütövlüyünün pozulduğunu iddia edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının buna reaksiya vermədiyini bildirir. Eyni zamanda son dövrlərdə Ermənistanın Avropa İttifaqı ölkələri və ABŞ-la münasibətlərində intensivliyi artırması rəsmi Moskva tərəfindən tənqidlə qarşılanır.

Forum

XS
SM
MD
LG