Accessibility links

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanıb


Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanıb (Mənbə: AZƏRTAC)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanıb (Mənbə: AZƏRTAC)

Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib. Bu barədə AZƏRTAC dövlət agentliyi məlumat yayıb.

Mərasimdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov, Türkiyə Milli Müdafiə Nazirliyi Quru Qoşunlarının qərargah rəisi general-polkovnik Levent Ergün, hərbi qulluqçular və media nümayəndələri iştirak edib.

General-polkovnik Kərim Vəliyev Türkiyə və Rusiya arasında 2020-ci il noyabrın 11-də imzalanmış Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında danışıb. O 2021-ci ilin yanvar ayının 30-dan regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlığını bildirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Həmçinin qeyd edilib ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin də iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanması Rusiya sülhməramlılarının Qarabağdan çıxması fonunda baş verib. Rusiya sülhməramlılarının Azərbaycandan çıxması aprelin 17-dən başlayıb.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da Ağdam şəhərində Türkiyə ilə Rusiya arasında imzalanan Memoranduma əsasən yaradılıb. Memorandumda göstərilib ki, mərkəz Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə yaradılıb. Mərkəzdə hər iki tərəfdən 60 hərbçi olmaqla, ümumilikdə 120 nəfərin xidmət etdiyi bildirilib.

Forum

XS
SM
MD
LG