Accessibility links

Türkiyə parlamenti türkiyəli hərbçilərin Azərbaycanda qalma müddətini uzatmaq istəyir


Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin səlahiyyət müddətinin uzadılması ilə bağlı Türkiyə parlamentinə sənəd təqdim edilib.

Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat yayıb.

Məlunmata görə, layihənin noyabrın 9-da müzakirə ediləcəyi planlaşdırılır.

Hazırda atəşkəsi monitorinq etməkdən ötrü Dağlıq Qarabağa bitişik Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir.

Ötən il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün 1 illik səlahiyyət verib.

Parlament atəşkəs rejiminin bərqərar edilməsi, pozuntuların qarşısının alınması, regionda sülh və sabitliyin təmin edilməsi və Ağdamda yerləşən atəşkəsə nəzarət üzrə birgə mərkəzin missiyasının icrası məqsədilə Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün hökumətə hərbi qulluqçuları bir il müddətinə Azərbaycana göndərməyə icazə verib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

XS
SM
MD
LG