Accessibility links

AXCP fəalının həbsxanada təzyiqlə üzləşdiyi bildirilir


Zamin Salayev
Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının həbsdə olan sədri Zamin Salayevin səhhəti ağırlaşıb və saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı təzyiqlər olduğu bildirilir.

Zamin Salayevin həyat yoldaşı Səidə Salayeva Amerikanın Səsinə deyib ki, onun səhhətində ciddi problemlər yaranıb.

“O fevraın 13-də mənimlə telefon danışığı zamanı dedi ki, ayaqları şişib, ürəyindəki problemlər ciddiləşib, kəskin ağrıları var. Bu xəstə vəziyyətində onun barakını dəyişiblər. İndi saxlandığı barakda məhkumların sayı daha çoxdur və məişət şəraiti daha pisdir. Bu isə xəstə halında ona çox pis təsir edir. Zamin dedi ki, ona qarşı təzyiqlər dayanmasa quru aclığa başlayacaq”, Səidə Salayeva qeyd edib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi Amerikanın Səsinin sorğusuna cavabda deyilənləri təkzib edib.

“Zamin Salayev öz yerində qalır. O aclıq etmir. Dünən görüşü olub. Sovqat qəbul edib. Müəssisə rəhbərliyi tərəfindən ona qarşı heç bir təzyiq yoxdur”, İctimaiyyətlə Əlaqələr şöbəsindən bildiriblər.

Bu arada Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli partiya fəalına qarşı təzyiqləri pisləyən bəyanatla çıxış edib.

“Zamin Salayevdən əl çəkin! Hamı bilir ki, Zamin Salayevi şərləyib həbs etmisiz. Həm də artıq neçənci dəfədir ki, Zamin Salayev şərlənib həbs olunub. Heç olmasa onu cəzaçəkmə müəssisəsində rahat buraxın. Zamin bəy dostlarına xəbər göndərib ki, ona təzyiq edilir, ona qarşı hansısa təxribat hazırlanır. Zamin bəy mesaj göndərib ki, ona qarşı təzyiq dayanmasa, yenidən və həm də quru aclığa başlamalı olacaq. Ürək xəstəsi olan Zamin bəyin çarəsizlikdən quru aclığa təhrik edilməsi elə onun həyatına dolayı qəsddir”, o qeyd edib.

Zamin Salayev 2023-cü il fevralın 7-də saxlanılıb.

Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə günahlı bilərək 4 il azadlıqdan məhrum edib.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.

Forum

XS
SM
MD
LG