Accessibility links

AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayev yenidən aclıq aksiyasına başlayıb


Zamin Salayev
Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayevin iyulun 11-dən aclıq aksiyasına başladığı bildirilir. Bu barədə onun vəkili Nemət Kərimli Amerikanın Səsinə məlumat verib.

Vəkilin sözlərinə görə, Zamin Salayev bu gün iyulun 11-i özü ona zəng edərək qərarını açıqlayıb.

"O hesab edirdi ki, həbsindən verilmiş apellyasiya məhkəməsi ədalətli keçiriləcək, lakin nə jurnalistlər, nə yaxın ətrafı, nə də onun qohumları zala buraxılıb. Məhkəməyə ancaq onun bacısı, anası və qızı buraxıldı. Məhkəmənin açıq keçirilmə prinsipi pozuldu. Zamin bəy hesab edir ki, ədalətli qərar olmayacaq, ona görə də aclıq aksiyasına başlayıb."

Nemət Kərimli bildirib ki, iyulun 6-da Zamin Salayevin həbsindən verdikləri apellyasiya şikayətinə ilkin baxış prosesi keçirilib. Növbəti məhkəmə prosesi iyulun 13-ə təyin olunub.

Zamin Salayev fevralın 7-də saxlanılıb.

Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib. İyunun 1-də o, aclığı dayandırıb.

Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.

XS
SM
MD
LG