Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 8-də Azərbaycanla bağlı 6 qərar və qərardadını elan edib. 23 ərizə üzrə çıxarılan qərarlara əsasən, hökumət 60 min avrodan çox təzminat ödəyəcək.
Çıxarılan qərarların əksəriyyəti siyasi fəalların və hüquqşünasların, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ədalətli məhkəmə və birləşmə hüququnun pozulmasına dair ərizələri üzrədir.
Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarını monitorinq edən aihmaz.org saytının məlumatına görə, səkkiz ərizənin birləşdirildiyi “Fuad Əhmədli və başqaları Azərbaycana qarşı” işi ictimai toplantıların iştirakçıları kimi ərizəçilərə qarşı tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirakçıların inzibati xətalara görə məhkum edilməsinin qanunsuzluğu iddiaları ilə bağlı idi. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırmışdılar.
AİHM bu işdə Konvensiyanın 6.1, 6.3-cü və 11-ci maddələrinin pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçilərdən Fuad Əhmədliyə mənəvi zərər əvəzi 3400, hüquqi xərclər əvəzi 300 ödəməlidir.
Ərizəçilərdən Elçin Teymurov, İlham Hüseynov, Səyyad Quliyev, Elxan Əliyev, Ağəli Yəhyayev, İmran Məmmədli və Elgiz Məmmədovun hər birinə mənəvi ziyan əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro ödənilməlidir. Ərizəçiləri AİHM-də vəkillər Zibeydə və Elçin Sadıqovlar təmsil edib.
“Nəriman İsmayılov və başqaları Azərbaycana qarşı” işi də ictimai toplantıların iştirakçıları kimi ərizəçilərə qarşı tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların cəzalandırlmasının qanunsuzluğu iddiaları ilə bağlı olub.
Ərizələrin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib. Məhkəmə bunu nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Qərara əsasən, hökumət ərizəçilər N.İsmayılov, Tariyel Məlikzadə, Zamin Salayev, Elşən Təhməzli və Fərzəli Əsədovun hər birinə mənəvi zərər əvəzi 2340 avro, hüquqi xərclər əvəzi 225 avro ödəməlidir. Ərizəçiləri AİHM-də vəkil Elçin Sadıqov təmsil edib.
“Yalçın Abdullayev və başqaları Azərbaycana qarşı” işi də eynilə ictimai toplantıların iştirakçıları olan ərizəçilərə qarşı tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların cəzalandırlmasının qanunsuzluğu iddiaları ilə bağlı idi. Bu işdə də ərizəçilər AİHM qarşısında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırıblar.
Hökumət kommunikasiya zamanı AİHM-ə iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət ərizəçilər Yalçın Abdullayev (1-ci ərizə), İlham Hüseynov, Murad Sultanov, Emil Maniyev və Yalçın Abdullayevin (2-ci iş) hər birinə mənəvi zərər əvəzi 2340, hüquqi xərclər əvəzi 225 avro ödəməlidir. Ərizəçiləri AİHM-də vəkil Zibdeydə Sadıqova təmsil edib.
Jurnalist Səlimə Cəlilovanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı olan “Cəlilova Azərbaycana qarşı” işində ərizəçi AİHM qarşısında iddia edirdi ki, onun hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verib. Ərizəçi həmçinin, ona tətbiq edilmiş məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulanlardan fərqli məqsədlərə (18-ci maddə) xidmət etdiyini iddia edib.
Ərizənin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib. Məhkəmə bunu nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Məhkəmənin qərardadına görə, hökumət vəkil Fariz Namazlının təmsil etdiyi jurnalistə 5 min avro ödəməlidir.
“Xalid Bağırov və başqaları Azərbaycana qarşı” məhkəmə işi ərizəçilərə münasibətdə (Məhsul stadionu və Hüseyn Cavid parklarında) dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya üsulu ilə bağlı məhdudiyyətlərin tətbiq olunması ilə bağlı iolub.
Ərizəçilər AİHM qarşısında Konvensiyanın 13-cü (səmərəli müdafiə vasitələrinə malik olmaq) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırıblar. Hökumət kommunikasiya mərhələsində ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını tələb edən təktərəfli bəyannamə təqdim etsə də AİHM həmin bəyannamələri rədd edib.
Məhkəmə ərizəçilərə münasibətdə Konvemsiyanın 11-ci maddəsinin pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçilərdən Xalid Bağırov, Samirə Ağayeva, Namizəd Səfərova 1500, İlham Hüseynov, Əli Kərimli və Vahid Məhərrəmova 1750 avro ödəməlidir. Ərizəçiləri AİHM-də hüquqşunas Xalid Bağırov və vəkil Əsabəli Mustafayev təmsil edib.
İki ərizənin birləşdirildiyi “Elman Quliyev Azərbaycana qarşı” məhkəmə işi ərizəçiyə qarşı ictimai toplantıların təşkili və iştirak kontekstində tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların cəzalandırlmasının qanunsuzluğu iddiaları ilə bağlı olub. Ərizəçi AİHM qarşısında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırıb.
Kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçiyə təzminat ödəməyi təklif edib. Məhkəmənin hökumətin təktərəfli bəyannaməsini nəzərə alaraq verdiyi qərardada görə, ərizəçiyə iki iş üzrə mənəvi zərər əvəzi 5200 avro, hüquqi xərclər əvəzi 500 avro ödənilməlidir.
Forum