Accessibility links

Siyasi fəal cəzaçəkmə müəsisəsinin tibb xidmətindən narazıdır


Zamin Salayev
Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsinin tibb-sanitar səhiyyə xidmətinin yararsız olmasından şikayətlənir.

Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə açıqlama verib. Vəkilin sözlərinə görə, Zamin Salayev 2 gün əvvəl onunla əlaqə saxlayıb və cəzaçəkmə müəssisəsindəki xidmətlə bağlı narazılığını bildirib.

"Zamin Salayev dedi ki, səhhətində problemlər var. O, ürək xəstəliyindən və hipertoniyadan əziyyət çəkir. Ona görə də, tez-tez cəzaçəkmə müəssisəsindəki tibb mərkəzinə baş çəkməli olur. Zamin Salayev bildirdi ki, müəssisədə dərman preparatları yoxdur, baş həkim Elşən İsayev çox vaxt vəzifə başında olmur. Qəbulunda olarkən isə onun kobud rəftarı ilə qarşıladıqlarını deyən siyasi fəal qeyd edib ki, həkim digər dustaqlara da qarşı da pis davranır", vəkil qeyd edib.

Zamin Salayev onu da bildirib ki, müəssisə rəhbərliyinə şikayət etsə də, heç bir dəyişiklik olmur. Ona cavab olaraq bildirilir ki, tibb bölməsi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə tabe olduğuna görə Penitensiar Xidmət onların işinə müdaxilə edə bilmir.

Zamin Salayev bu il fevralın 7-də saxlanılıb.

Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib. İyunun 1-də o, aclığı dayandırıb. Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.

Forum

XS
SM
MD
LG