Accessibility links

Avropa Parlamentində Qarabağda vəziyyətlə bağlı müzakirələr keçiriləcək


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamenti bu həftə Strasburqda keçirilən plenar iclasında Qarabağda son vəziyyəti müzakirə edəcək. Çərşənbə axşamı baş tutacaq müzakirələrdə Avropa Komissiyası və Avropa İttifaqı Şurasının rəsmilərinin iştirakı və çıxışı gözlənilir. Cümə axşamı isə məsələ ilə bağlı qətnamə layihəsi səsverməyə çıxarılacaq.

“Çərşənbə axşamı parlament Azərbaycanın son hərbi hücumundan sonra Dağlıq Qarabağdakı fəlakətli vəziyyəti müzakirə edəcək”, Avropa Parlamentinin sözçüsü bazar ertəsi jurnalistlər üçün brifinqdə qeyd edib.

Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başladığı 19 sentyabr tarixində Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri Devid Mak-Allister, Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand və Parlamentin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri Jelyana Zovko və Andrey Kovaçev birgə bəyanat yayaraq hərbi əməliyyatları pisləyib və atəşkəsin bərpa edilməsinə çağırıb.

Parlamentin Xarici İşlər Komitəsi sentyabrın 20-si Brüsseldə baş tutan iclasında Qarabağda vəziyyəti müzakirə edib. Çıxış edən deputatlar hərbi əməliyyatları pisləyib, Aİ Şurasını Azərbaycan hakimiyyətinin məsul şəxslərini sanksiya etməyə çağırıb və danışıqlar masasına geri dönmənin vacibliyini vurğulayıb. Parlamentarlar həmçinin bölgədə humanitar vəziyyətin daha da pisləşəcəyinə dair narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini “hərbi eskalasiyadan yerli əhalinin məcburi köçürülməsinə bəhanə kimi istifadə etməkdən çəkinməyə” çağırıblar.

Avropa Parlamenti həmçinin bu ilin yanvar ayında “Dağlıq Qarabağın blokadasının humanitar nəticələri” başlıqlı qətnamə qəbul edərək, Azərbaycanı Laçın yolu boyunca sərbəst hərəkəti bərpa etməyə çağırıb.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb. Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Azərbaycan Prezidentinin Administrasiyası oktyabrın 2-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin reinteqrasiyası ilə bağlı tədbirlər proqramını açıqlayıb. Rəsmi məlumatda qeyd edilir ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.

Ötən həftəsonu Qarabağa səfər edən BMT missiyası yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırıb. “BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası Hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır”, bəyanatda qeyd edilir.

Forum

XS
SM
MD
LG