Accessibility links

Polşada keçirilən İqtisadi Forumda İran Azərbaycanında insan haqlarının vəziyyəti müzakirə edilib


İranda insan hüquqlarının vəziyyəti: Etnik Azərbaycanlıların nümunəsi paneli (Foto: Ətəkyazı saytı)
İranda insan hüquqlarının vəziyyəti: Etnik Azərbaycanlıların nümunəsi paneli (Foto: Ətəkyazı saytı)

Sentyabrın 7-də Polşada 32-ci İqtisadi Forumda “İranda insan haqlarının vəziyyəti: etnik azərbaycanlıların nümunəsində” adlı panel keçirilib. Panel Karpaç şəhərində Topçubaşov Mərkəzinin təşkilatçılığı və müxtəlif ölkələrdən iştirak edən ekspertlərin iştirakı ilə həyata keçirilub.

Bu paneldə İran Azərbaycanında insan haqları vəziyyətinin müxtəlif aspektləri, qadın haqları, regionun strateji əhəmiyyəti və digər məsələlər müzakirə edilib.

Əslən İran Azərbaycanından olan Vaşinqton Universitetinin tədqiqatçısı və Ətəkyazı saytının redaktoru Ramin Cabbarlı və Toronto Universitetinin tədqiqatçısı, feminist fəal və Ətəkyazı saytının insan haqları hesabatlarının təşəbbüs qrupunun üzvü Türkan Bozqurt kimi ekspertlər konfransda çıxış ediblər.

Paneldə "Ətəkyazı" saytının İran Azərbaycanında insan haqları pozuntuları barədə hazırladığı hesabatlarının məlumatı iştirakçılarla paylaşılıb. İranda Azərbaycanlılara qarşı repressiyalar haqqında suallara həmin hesabatlara əsasən Ramin Cabbarlı və qadın və uşaqlarla bağlı insan haqları pozuntularına Türkan Bozqurt cavab verib.

İclasda çıxış edən güneyli ekspert Ramin Cabbarlı İranda 1979-cu il İslam İnqilabından sonra başlayan siyasətin indi də teokratik rejim altında davam etdiyini, Tehran administrasiyası qeyri-fars qrupların hüquqlarına laqeyd yanaşdığını və dövlətin əsasını şiə kimliyi üzərində quruduğunu şərh edib.

Vaşinqton Universitetinin tədqiqatçısı ölkədə Pəhləvi və İslam Respublikası hökumətlərinin azərbaycanlılara qarşı apardığı ayrı-seçkilik siyasətini, müxtəlif aspektlərdən o cümlədən farslaşdırma, coğrafi adların dəyişdirilməsi, ana dilində təhsilin qadağan olması və iqtisadi ayrı-seçkilik kimi müxtəlif baxımlardan şərh edib.

İranda insan hüquqlarının vəziyyəti: Etnik Azərbaycanlıların nümunəsi paneli (Foto: Ətəkyazı saytı)
İranda insan hüquqlarının vəziyyəti: Etnik Azərbaycanlıların nümunəsi paneli (Foto: Ətəkyazı saytı)

Digər güneyli çıxışçı feminist fəal Türkan Bozqurt İran Azərbaycanında qadın haqlarının vəziyyəti barədə məlumat verib. O hesab edir ki, İran İslam Respublikası rejimi ümumiyyətlə cinsiyyət aparteid və qadın düşmənçiliyi xüsusiyyətləri özündə daşıyır. Lakin onun fikrincə İran Azərbaycanında qadınlar sadəcə cinsiyyətlərinə görə deyil, həm də etnik mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalırlar.

Topçubaşov Mərkəzinin Twitter hesabında paylaşılan məlumata görə, panelin çıxışçılarından olan Dr. Hay Eytan Koen Yanarocak "Güney Azərbaycan mövzusunun Tehranın bölgədəki xarici siyasətini formalaşdıran amillərdən olduğunu, onun Azərbaycan Respublikasına qarşı iddialı və bəzən qeyri-dost münasibətinə, eləcə də Azərbaycan əlayhinə Ermənistanla tərəfdaşlıq kimi geosiyasi gedişlərinə təsir etdiyini" bəyan edib.

Panelin digər çıxışçıları olan Yaxın Şərq Həqiqətləri Fondunun (EMET) analitiki Cozef Epşteyn, Aİ M. Küri təqaüdçüsü Dr. Maurizio Geri və Təl-Əviv Universitetinin Moşe Dayan adına Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin tədqiqatçısı Dr. Hay Eytan Koen Yanarocak müvafiq olaraq, Urmiyə gölü, “Güney Azərbaycan Milli Hərəkatı” və İran Azərbaycanının jeopolitik əhəmiyyəti barədə danışıblar.

Ramin Cabbarlı
Ramin Cabbarlı

Panelin çıxışçılarında olan tədqiqatçı Ramin Cabbarlı Amerikanın Səsinə bu iclas haqqında fikirlərini bölüşüb. Onun fikrincə, Bu panel İranda azərbaycanlıların məruz qaldıqları ayrı-seçkilik və insan haqları pozuntularını beynəlxalq platformada qaldırmaq imkanı yaratdığı üçün böyük əhəmiyyət kəsb edir.

“Biz məsələlərimizi dünya ilə danışmağa çox gecikmişik. Bunun bir yolu elə Polşa İqtisadi forumu kimi önəmli beynəlxalq toplantılarda iştirak edib, İrandakı Azərbaycanlıların vəziyyəti haqqında iştirakçılara məlumat verməkdən başlayır.” - deyə Cabbarlı ifadə edib.

Güneyli ekspert bildirib ki, azərbaycanlıların İranda üzləşdiyi problemlər təkcə daxili problemlər deyil. O, həmçinin hesab edir ki, bu problemlər beynəlxalq səviyyədə də nəzərə alınmalıdır. Xüsusilə Urmiyə gölünün ekoloji fəlakəti nəticəsində baş verə biləcək köçlərin Avropa üçün də təhlükə yarada biləcəyinə diqqət çəkir.

“Urmu gölü məsələsi təkcə Azərbaycanlıların məsələsi deyil, necə ki, Suriyada Əsədə qarşı mübarizə təkcə Suriyaya məhdud məsələ deyildi və Suriya qonşuları və Avropanın mühacirlər böhranı ilə qarşı-qarşıya qoydu. Urmu gölü faciəsi nəticəsində ola biləcək köçlərin də tüstüsü Avropanın belə gözünə gedə bilər. O üzdən bu məsələnin gerçək üzünü anlatmaq Azərbaycan insanının, özəlliklə fəalların və ekspertlərin görəvidir” - deyə tədqiqatçı bəyan edib.

Cabbarlı bu cür fəaliyyətlərin davam etməsinin əhəmiyyət daşıdığını və bunun üçün Topçubaşov kimi mərkəzlərin daha çox səy göstərməsini ümid edərək, güneylilərin bənzər beynəlxalq toplantılarda təqdim etmək üçün daha çox sənəd və məlumat hazırlamasını vurğulayıb.

Forum

XS
SM
MD
LG