Accessibility links

Təbrizdə 3 etirazçı ümumilikdə 10 il həbs cəzasına məhkum edilib


Təbrizin Ərk qalası yaxınlığında keçirilən etiraz aksiyası
Təbrizin Ərk qalası yaxınlığında keçirilən etiraz aksiyası

Şərqi Azərbaycan Vilayətinin Apellyasiya Məhkəməsi Əmirhüseyn Mohseni, Əmirhüseyn Rezayi və Arəş Əhmədiyi ümumilikdə 10 il müddətinə azadlıqdan məhrum edib.

Bununla bağlı azərbaycanlı ictimai fəal və jurnalist İbrahim Rəşidinin (Savalan) Teleqram kanalında məlumat dərc olunub. Bu barədə həmçinin HRA xəbər agentliyi və digər insan haqları müdafiəçiləri məlumat yayıb.

Məlumata əsasən, Təbriz İnqilab Məhkəməsi Təbrizdə etiraz aksiyaları ilə əlaqədar həbs edilən bu üç Təbriz sakininə çox ağır həbs cəzası vermişdi, lakin vilayətin apelyasiya məhkəməsi bu ağır cəzaları azaldıb.

Yayımlanan məlumata görə, məhkəmə Əmirhüseyn Mohseniyi 16 il həbs cəzasına məhkum edib, lakin apellyasiya məhkəməsində bu müddət iki ilə endirilib. Əmirhüseyn Rezayi də 15 il həbs cəzasına məhkum edilib, ancaq apellyasiya məhkəməsində onun da cəzası 2 ilə endirilib. Həmçinin Təbriz İnqilab Məhkəməsindən 16 il həbs cəzası alan Arəş Əhmədinin də həbs müddəti 6 ilə endirilib, beləliklə, bu üç təbrizli etirazçıya ümumilikdə 10 il həbs cəzası kəsilib.

İbrahim Rəşidi Teleqram kanalında dərc etdiyi yazısında Təbrizdə ilkin məhkəmə tərəfindən çıxarılan hökmlərin məyusedici adlandırsa da, Apellyasiya Məhkəməsində həbs cəzalarının azaldılmasının ailələrin narahatlığını azaltdığını qeyd edib.

Sentyabrın 16-da Məhsa Əmininin ölümündən sonra İranın bir çox vilayət və şəhərlərində İran Azərbaycanı daxil olmaqla, İran rejiminə qarşı kütləvi etiraz aksiyaları keçirilib. İran hökumətinə qarşı bu kütləvi etirazlar onun ölümü ilə eyni vaxtda başlayıb və üç aydan çox davam edib. Saqqız şəhərindən olan bu gənc qızın Tehranda səfərdə olduğu zaman məcburi hicab qaydalarına əməl etmədiyinə görə əxlaq polisi tərəfindən həbs edilməsi və xəstəxanada ölməsi xalq arasında qəzəb və narazılıq dalğasına səbəb olub.

XS
SM
MD
LG