İranda keçən sentyabr ayından bəri başlayan etirazlarla əlaqədar Təbrizdə nəzarət altına alınıb və zəmanətlə sərbəst buraxılan bir tələbə haqqında hökm çıxarılıb, başqa bir tələbənin isə məhkəmə iclası keçirilib.
Hüquq müdafiəçiləri Təbrizdə tələbə Nazlı Səidinin həbs, ölkədən çıxış qadağası və pul cəzasına məhkum olunduğu, Seyyid Məhəmmədrza Müvəhhid adlı başqa bir tələbənin isə bu yaxınlarda hakim qarşısına çıxarıldığını bildiriblər.
İran tələbələr birliyi şuralarının Telegram kanalında yazılanlara görə, Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tibb tələbəsi Nazlı Səidini 15 ay həbs, 2 il ölkədən çıxış qadağası və 10 milyon tümənlik pul cəzasına məhkum edib.
Keçən oktyabr ayının son günlərində nəzarət altına alınan Səidi təqribən 2 ay nəzarətdə saxlanıldıqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Təbrizdə siyasi fəallar və türk dil haqları müdafiəçilərinə qarşı ağır cəzalar çıxarmaqda məşhur olan hakim Rəhim Həmlbər gənc tələbəni “nizama qarşı təbliğat fəaliyyəti göstərmək” və “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamları ilə mühakimə edib.
Digər tələbə Seyyid Məhəmmədrza Müvəhhid isə Təbrizin ümumi və inqilab prokurorluğunun 13-cü şöbəsində ittihamlara qarşı özünü müdafiə edib.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Müvəhhidə qarşı “müxalif qrupların xeyrinə nizama qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamını irəli sürüb.
Müvəhhid keçən sentyabr ayında ümummilli etirazların ilk günlərində saxlanılıb və təqribən bir həftə sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb.