Accessibility links

İranın Ədliyyə orqanları indiyədək etirazlar zamanı 2400-dən çox insanın məhkum edildiyini bildirib


Tehranda rejimə qarşı etiraz aksiyası
Tehranda rejimə qarşı etiraz aksiyası

İranın məhkəmə sistemi bildirir ki, 2400-dən çox adam geyim tərzini pozduğuna görə polis nəzarətində olan gənc qadının ölümündən sonra baş qaldıran iğtişaşlarla bağlı cinayətlərə görə mühakimə olunub, daha 1118 nəfər isə hökumətin müxaliflərə qarşı təqibləri çərçivəsində ittiham olunub və işlərinə baxılmasını gözləyirlər.

Ədliyyə nazirliyinin sözçüsü Məsud Setayeşi noyabrın 22-də jurnalistlərə bildirib ki, Məhsa Əmininin həbs olunduqdan sonra sentyabrın ortalarında ölməsindən sonra ölkəni bürümüş nümayişlərdə rol oynadıqları üçün ölkə üzrə ümumilikdə 2432 etirazçı məhkəmələr tərəfindən ilkin hökmlər alıb.

Setayeşi həbs olunanların sayı barədə ümumi məlumat verməsə də, həbs edilənlər arasında 40 əcnəbi vətəndaşın olduğunu qeyd edib. İnsan haqları təşkilatlarının bəzi məlumatlarında göstərilir ki, ölkə boyu etirazlar zamanı 15 mindən çox adam saxlanılıb.

O həmçinin son günlər bəzi tanınmış şəxslərin, o cümlədən aktrisalar Katayon Riahi və Hengame Qazianinin həbs olunduğunu təsdiqləyib və digər məşhurların "yalan və əsassız sözlər" dedikləri təqdirdə mühakimə olunacaqları ilə hədələyib.

Riahi Əmininin ölümünə etiraz olaraq İranda hicabını çıxaran ilk məşhur şəxslərdən biri olub, Qaziani isə Tehran küçələrindən birində hicabsız dayanıb saçlarını yığaraq bağlayarkən çəkilmiş şəkillərini dərc edib. Son həftələr İranda saçı yığaraq bağlamaq itaətsizlik aktına çevrilib.

Bu addımlar 1979-cu il inqilabından bəri İslam rejimi üçün ən ciddi sınaqlardan biri olan və Əmininin sentyabrın 16-da ölümündən sonra həftələrdir davam edən iğtişaşların hökumət tərəfindən amansızlıqla yatırıldığı bir vaxtda atılıb.

Məhsa Əmininin ölümü ilə əlaqədar qəzəb minlərlə iranlının daha çox azadlıq və qadın hüquqları tələbi ilə küçələrə çıxmasına səbəb olub.

Briqada generalı Əhməd Vahidi bildirib ki, iğtişaşlar zamanı həbs edilən bəzi əcnəbilər iğtişaşlarda "böyük rol" oynayıblar. O bildirib ki, bu insanlar "məhkəmə orqanlarının əlindədir və onlarla qanuna uyğun davranılmalıdır".

Qərb ölkələri dəfələrlə İranı xarici və ikili vətəndaşlığı olan şəxsləri girov götürərək, bundan öz maraqları üçün istifadə etməyə çalışmaqda ittiham ediblər.

XS
SM
MD
LG