Təbriz Universitetinin 3 tələbəsi etiraz aksiyalarında iştirak etdiklərinə görə unversitetdən xaric edilib.
Bu barədə bölgədəki hüquq müdafiəçiləri və HRA xəbər agentliyi məlumat yayıb.
Universitetin elektrik mühəndisliyi fakültəisinin tələbəsi Əli Keşvəri, fəlsəfə fakültəsinin tələbəsi Nima Seraciyan Təbrizi və metallurgiya fakültəsinin tələbəsi Arvin İbrahimi təhlükəsizlik qüvvələrinin nəzarətinə alındıqdan sonra sərbəst buraxılıb. Tələbələr universitetə qayıtdıqdan sonra isə onlara xaric edildikləri barədə məlumat verilib.
Verilən xəbərə əsasən, həmin tələbələrin tələbə kartları ləğv edilib və onların universitet rəsmiləri ilə görüşünə icazə verilməyib.
Oktyabrın əvvəllərində Təbriz Universiteti tələbələri həmin universitetin şəhərciyində etiraz mitinqləri təşkil etdiyi zaman təhlükəsizlik qüvvələrinin sərt şəkildə müdaxiləsi ilə üzləşmiş, onların dinc nümayişi yatırılmışdı.
İran İslam Respublikasının repressiv qüvvələrinin tələbələrin dinc etiraz mitinqinə ov tüfəngi və dəynəklə müdaxilə etdiyi haqda məlumatlar yayılmışdı. Son üç ayda Təbrizdəki universitetlərin tələbələri etiraz aksiyalarında fəal iştirak ediblər.
Oktyabrın 1-də Təbriz Universiteti tələbələrinin etirazları zamanı təhlükəsizlik qüvvələri universitetə daxil olaraq, tələbələrə dəyənək və ov tüfəngi ilə hücum edib. Bu etirazlar zamanı bir neçə tələbə yaralanaraq xəstəxanaya aparılıb, bir neçəsi isə həbs edilmişdi.
Təbriz Universitetində davam edən etiraz mitinqlərini dayandırmaq məqsədilə universitet şəhərciyində hakimiyyət tərəfdarlarının keçirdiyi tədbirdə etirazçı tələbələr universitet rektoru tərəfindən təhdid edilmişdi.
Təbriz İncəsənət Universiteti və Təbriz Azad Universitetinin tələbələri də son üç ayda universitet şəhərciklərində İran hökumətinə qarşı etiraz aksiyaları keçirməyə davam edir. Belə ki, ötən həftə Təbriz Tibb Elmləri Universitetinin tələbələri həbs olunan etirazçıların edamına etiraz olaraq aksiya keçirib və hökumətə etiraz edən vətəndaşların edamını pisləyiblər.
İranda kütləvi etirazlar İran Azərbaycanı da daxil olmaqla sentyabrın 16-da əxlaq polisinin nəzarətində saxlanılan gənc qadın Məhsa Əmininin ölümündən sonra başlayıb və indiyədək hələ də davam edir. Əvvəlki etirazlarla müqayisədə İranda davam edən son etiraz nümayişlərində xalq tərəfindən səsləndirilən şüarlarda İslam Respublikasının lideri Əli Xamneyinin hədəf alındığı müşahidə olunur.
İnsan haqları təşkilatlarının hesabatına görə, ölkədə üç aydan çox davam edən bu etirazlarda 68 nəfəri 18 yaşdan kiçik olmaqla, 496 vətəndaş həyatını itirib.