Accessibility links

Milli Məclisdə "Kosmik fəaliyyət haqqında" qanun layihəsinin müzakirəsi başlayıb


Mayın 11-də Milli Məclisin komitələrində "Kosmik fəaliyyət haqqında" qanun layihəsinin müzakirəsi başlayıb. Qanun layihəsi Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib.

Sənədin parlamentə müzakirəsi ABŞ-ın "SpaceX" şirkətinin prezidenti və baş əməliyyat direktoru Qven Şotvelin Azərbaycanda yüksək səviyyədə keçirdiyi görüşlərdən sonraya təsadüf edir.

Sənədə görə, Azərbaycanda fiziki və hüquqi şəxslər, dövlət orqanları kosmik fəaliyyəti kosmik operator vasitəsilə həyata keçirəcək. Kosmik fəaliyyətin həyata keçirilməsinə kosmik operatorla bağlanan müqavilə əsasında xarici kosmik operatorun cəlb edilməsinə yol verilir.

Kosmik fəaliyyətin subyektləri beynəlxalq təşkilatların, xarici dövlətlərin və digər xarici şəxslərin kosmik obyektlərini və kosmik sənaye obyektlərini bu qanunun məqsədləri üçün icarəyə, kirayəyə, əvəzsiz istifadəyə götürmək hüququna malikdirlər.

Qanun layihəsində bildirilir ki, Azərbaycanda kosmik fəaliyyət 5 prinsip əsasında həyata keçirilə bilər: Kosmik fəzadan sülh naminə istifadə edilməsi, milli maraqların qorunması, kosmik resurslardan səmərəli istifadə olunması, milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi, kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında layihənin mayın 11-də keçirlən müzakirəsi zamanı deyib ki, Azərbaycanın kosmik fəaliyyət sahəsində davamlı inkişafı üçün qarşıdakı illərdə ölkədə peyklərin istehsalı və testi kimi infrastrukturun formalaşdırılması planlaşdırılır.

"Çünki azərbaycanlı mütəxəssislər 10 ildən artıqdır ki, peyklərin idarə edilməsi ilə məşğuldur. Bu potensialdan tam istifadə etmək üçün yeni peyklərin istehsalı mərkəzini yaratmaq və kosmik ekosistemin ölkəmizdə formalaşdırılmasını planlayırıq. Burada həm dövlətin, həm özəl sektorun, həm də təhsil və tədris sahələrinin birgə fəaliyyət göstərməsi nəzərdə tutulur", Əsədov bildirib.

"Azərkosmos"un rəhbəri əlavə edib ki, Azərbaycanın 2030-cu ilə qədər kosmik baxışını, strateji fəaliyyət istiqamətlərini əks etdirən sənəd hazırlanıb. O, "Azərkosmos"un gəlirlərindən danışarkən deyib ki, Kosmik Agentliyin gəlirlərinin 90 faizi xarici bazarlardan formalaşıb.

"2013-cü ildən bu günədək "Azərkosmos" 515 milyon manat gəlir əldə edib. Bunun 90 faizi xarici bazarlardan əldə olunub", Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın 42 ölkədə 182 müştərisi var.

"Bunların əksəriyyəti Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindədir. Peyk tutumlarımızın 80 faizindən xidmət göstərilir. Bu faiz dəyişkəndir. Bəzən 90 faizə qalxır. Amma ümumi sənayedə utilizasiya faizi 80 faizə yaxındır".

"SpaceX" şirkətinin prezidenti və baş əməliyyat direktoru Qven Şotvel mayın 8-9-da Azərbaycanda səfərdə olub. O, ölkə prezidenti İlham Əliyevlə və digər yüksək vəzifəli rəsmilərlə görüşlər keçirib.

Səfər çərçivəsində Azərbaycanın Kosmik Agentliyi ilə ABŞ-ın "SpaceX" şirkəti (Space Exploration Technologies Corporation) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, "Azərkosmos" və "SpaceX" şirkəti arasında şirkətin "Starlink" genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.

"Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, 'Starlink" internet xidmətlərinin tərəfdaşı olaraq ənənəvi və çox vaxt məhdud telekommunikasiya infrastrukturlarının yaratdığı maneələri aradan qaldırmaqla dənizdə və quruda qabaqcıl peyk texnologiyası xidmətləri genişləndiriləcək.

"SpaceX" şirkətinin prezidenti və baş əməliyyat direktoru Qven Şotvel isə qeyd edib ki, "Azərkosmos" ABŞ-ın "SpaceX" şirkətinin "Starlink" genişzolaqlı peyk internet xidmətini korporativ sektorda və dəniz nəqliyyatında dəstəkləyəcək.

Görüşlərdə həmçinin Azərbaycanın yeni peyklərinin orbitə ABŞ-nin "SpaceX" şirkətinin "Falcon" raketləri ilə buraxılması müzakirə edilib.

Mövzuya uyğun

XS
SM
MD
LG