Accessibility links

Azərbaycanın peykləri orbitə “SpaceX” şirkətinin “Falcon” raketləri ilə buraxıla bilər


Azərbaycanın yeni peykləri orbitə ABŞ-nin “SpaceX” şirkətinin (Space Exploration Technologies Corporation) “Falcon” raketləri ilə buraxıla bilər.

Bu barədə mayın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

Əsədovun sözlərinə görə, bununla bağlı şirkətin Azərbaycanda səfərdə olan prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) ilə müzakirələr aparılıb.

“Azərbaycan qarşıdakı illərdə yeni peyk layihələri icra etməyə hazırlaşır. Biz Azərbaycanın yeni peyklərinin orbitə “Falcon” raketləri ilə buraxılması imkanlarını və “SpaceX” şirkətinin Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirakı və ən yüksək səviyyədə təşkilatçılıq məsələlərini bu görüşdə müzakirə etdik”, o qeyd edib.

Azərbaycanın hazırda orbitdə 3 süni peyki (Azersky, Azerspase1, Azerspase2) var.

Azersky/Spot 7-Azərbaycanın ilk yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki, Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cü ilin iyun ayında orbitə çıxarılıb. 2014-cü ilin dekabr ayında Azərbaycanın milli peyk operatoru Azərkosmos və Fransanın Airbus Defence and Space şirkəti arasında imzalanmış müqaviləyə əsasən Azərkosmos-a təhvil verilib. 2023-cü ilin aprel ayında istismar müddətindən 1 il daha tez (fəaliyyətinin 9-cu ilində) missiyasını başa çatdırıb.

Azerspace/Africasat-1A Rabitə Peyki (Azerspace/Africasat-1A Satellite)- Azərbaycanın ilk rabitə peyki, Amerikanın “Orbital Sciences Corporation” şirkəti tərəfindən inşa olunub.

Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılıb. “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. “Azerspace-1”-in istismar müddəti azı 15 ildir.

Azerspace-2 (Azerspace-2 Satellite) — Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peykidir. “Azerspace-2” ABŞ-ın Space Systems Loral (SSL) şirkəti tərəfindən inşa olunub. Azerspace-2 26 sentyabr 2018-ci il tarixində Fransız Qvineyasının Kuru kosmodromundan orbitə buraxılıb. Azerspace-2 peykinin istismar müddəti də azı 15 il nəzərdə tutulur. Azerspace-2 peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. Azerspace-2 həm də birinci telekommunikasiya peyki olan Azerspace-1-in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürüb.

XS
SM
MD
LG