Accessibility links

Vəkil: Bəxtiyar Hacıyev sosial şəbəkələrdə yayılan məlumatların çoxunun saxta olduğunu iddia edir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyev martın 7-də Penitensiar Xidmətin Müalicə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. O, təcridxanada ümumi kamerada saxlanılır.

Bu barədə vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib.

Vəkil Hacıyevin səhhəti ilə bağlı danışarkən deyib ki, hazırda reabilitasiya dövründədir, səhhəti yaxşılaşmağa doğru gedir, çəkisində artım var.

Son günlər sosial şəbəkələrdə Bəxtiyar Hacıyevin şəxsi fotoşəkilləri və yazışmaları yayılıb. Bununla bağlı vəkil deyib ki, Hacıyev onun şəxsi həyatı ilə bağlı yayılan məlumatların çoxunun saxta olduğunu iddia edir.

"O, nə baş verdiyini tam başa düşə bilmir. Bununla bağlı çox böyük narahatçılıq, stress keçirir. Onun dediyinə görə, hətta bununla bağlı REAL televiziyası veriliş hazırlayıb. O, məyusluq hissi keçirdi ki, dedi ki, bu tamam doğru olmayan hərəkətdir. Hacıyev belə başa düşür ki, bunlar, yəni yazışmalar, digər materiallar on il bundan əvvələ aiddir. Orada çox mütləq şəkildə montajlar və əlavələr var. O bunu ilkin olaraq peqasusla (peqasus casus proqramı-red) əlaqələndirdi, yəni peqasus vasitəsi ilə götürüldüyünü güman edir", vəkil Bəxtiyar Hacıyevə istinadən deyib.

Vəkil: Bəxtiyar Hacıyev sosial şəbəkələrdə yayılan məlumatların çoxunun saxta olduğunu iddia edir
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Rəhimli bildirib ki, yayılan materallarla bağlı vəkillər iş aparır.

"Güman edirəm ki, yaxın zamanda müsbət nəticələr əldə edəcəyik".

Vəkillər yayılan materialların araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluğa müraciət edib.

İndiyədək rəsmi qurumlar Hacıyevin şəxsi məlumatlarını sosial şəbəkədə kimin yerləşdirdiyi haqqında suala cavab və buna hüquqi qiymət verməyib.

Martın 1-də Daxili İşlər Nazirliyi Bəxtiyar Hacıyevin şəxsi məlumatlarının yayılmasında istintaq orqanının əlinin olması ilə bağlı iddiaları təkzib edib.

"O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik", Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar - görüntülər və yazışmalar barədə şöbə rəisi bildirib ki, bu məlumatların haradan necə qaynaqlandığı, Bəxtiyar Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub.

"Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır", o qeyd edib.

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, rəsmi qurumlar həbsdə olan vətəndaşın şəxsi məlumatının yayılmasının qarşısını almaq üçün araşdırmaya başlamalıdır.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu halda zərər çəkən təkcə Bəxtiyar deyil, həm də nüfuzu və ailələrinin rifahı zərbə altında olan bir çox digər insanlar var.

"Bəxtiyar dekabrdan etibarən həbsdədir, o, necə internetdə nə isə yaya bilərdi? Onun şəxsi məlumatları oğurlanıb və məhz onun nüfuzdan salınması məqsədilə yayılıb", o vurğulayıb.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və 51 gün aclığı davam etdirdikdən sonra fevralın 28-də dayandırıb. O, həmçinin 5 gün quru aclıq keçirib, su içməkdən imtina edib. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək 14 gün müddətində aclıq edib.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG