Accessibility links

Bəxtiyar Hacıyevin şikayəti təmin edilmədi


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Martın 1-də Bakı Apellyasiya Məhkəməsi insan haqları fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması və həbs-qətimkan tədbirinin dəyişirilməsi ilə bağlı şikayətə baxıb.

Vəkil Rövşanə Rəhimlinin Amerikanın Səsinə verdiyi məlumatına görə, hər iki şikayət təmin olunmayıb.

Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Vəkilin sözlərinə görə, məhkəmə prosesində Bəxtiyar Hacıyev də iştirak edib.

O, məhkəmə prosesində müdafiə tərəfinin verdiyi şikayəti müdafiə edib.

Bundan əlavə vəkil Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırdığını və qida qəbul etdiyini bildirib.

"Bundan sonra biz Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik" - deyə, vəkil bildirib.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və 51 gün aclığı davam etdirdikdən sonra fevralın 28-də dayandırıb. O, həmçinin 5 gün quru aclıq keçirib, su içməkdən imtina edib. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək 14 gün müddətində aclıq edib.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Martın 1-də Bəxtiyar Hacıyevin səhhətində qismən irəliləyiş qeydə alınıb.

"O bu gün qida qəbulunu davam etdirib. Çəkisində 300 qram artım olub. Dünən 63,7 kiloqram idi, bu gün 64 kiloqramdır", Hacıyevin yaxınları Amerikanın Səsinə deyib.

Bu gün, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Bəxtiyar Hacıyevlə bir saatadək görüş keçirib.

XS
SM
MD
LG